Ətayə Əliyeva
Aktrisa
Ətayə Əliyeva 1920-ci ildə Aşqabadda (Türkmənistan) doğulub. Atası Ağaqulam İranın Marağa şəhərində tacir ailəsində anadan olub. Anası Humay xanım isə savadlı qadın olub, farsca, rusca gözəl danışıb. O, İranın Təbriz şəhərindən idi. Ailədə 6 uşaq olublar, o, ailənin böyük övladı idi. Beş yaşında ikən atası onu teatra aparır. Tamaşanın adı yadında qalmasa da, gördükləri çox xoşuna gəlir. Bəlkə də buna görə məktəblərində dram dərnəyi açılanda o da dərnəyə üzv yazılır. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli, həm də çevrim əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır: Afaq ("Nizami"), Həcər ("Qaçaq Nəbi"), Şirin ("Fərhad və Şirin"), İnci ("Xoşbəxtlər"), Süsən ("Namus"), Cəvahir ("Cinli"), Jenya ("Bizim şəhərli oğlan") və başqaları. Ətayə xanım hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir. 1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə ("Göz həkimi"), Səadət ("Bahar suları"), Bənövşə ("Nişanlı qız") kimi yadda qalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C.Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub. 1956-cı ildə Ətayə xanım yenidən M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri ("Pəri Cadu"), Sona ("Hacı Qara"), Fatmanisə ("Ölülər"), Validə ("İliç buxtası"), Nəzakət ("Sən həmişə mənimləsən"), Rəfiqə ("Yalan"), Məlahət ("İkinci səs") və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir. Ə.Əliyeva radio və televiziya verilişlərində, kinoda həvəslə çıxış edir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva), "Bizim küçə"(Bəyim xala), "Dağlarda döyüş"(ana), "Telefonçu qız"(Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə) və bir çox başqa filmlərin və televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olub. Ömrünün son illərində Ətayə xanım öd kisəsindən və qan təzyiqindən əziyyət çəkib. 1995-ci ildə Bakıda vəfat edib. Bakının Yasamal qəbiristanlığında dəfn edilib. Ətayə Əliyeva rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Ftay%C9%99_%C6%8Fliyeva