İsmayıl Əfəndiyev
aktyor və rejissor
XX əsrin əvvəllərində, 1910-cu il avqustun 10-da qədim Şamaxı şəhərində, Mahmud kişinin ailəsində dünyaya göz açmış İsmayıl özünü tanıyandan incəsənətlə maraqlanmağa başlayır. Bu maraq onu Göyçay həvəskarlar teatrına gətirib çıxarır. Böyük bir şövqlə bu teatrın tamaşalarında iştirak edir, burada teatr sənətinin əlifbasını öyrənir.
Bir müddət sonra Bakıya gələn gənc İsmayıl Pedaqoji Texnikuma daxil olur. Eyni zamanda, teatr, səhnə onu özünə çəkirdi. Hələ tələbə ikən görkəmli teatr və kino xadimi, aktyor və rejissor İsmayıl Hidayətzadə ilə tanış olur. Onun rəhbərlik etdiyi dram dərnəyində çıxış edir.
1929-cu ildə texnikumu bitirəndən sonra bir neçə il pedaqoji fəaliyyətlə məşğul olur. Nəhayət o, günlərin birində həyatda ən böyük arzusuna çatır. 1932-ci ildə İsmayılı Bakı Türk İşçi Teatrına dəvət edirlər. Bir ildən sonra teatrı Gəncəyə köçürürlər. İsmayıl yenicə öyrəşdiyi kollektivdən ayrılmamaq üçün teatrla birgə Gəncəyə gedir, 1939-cu ilə kimi burada fəaliyyətini davam etdirir.
İ.Əfəndiyev bu teatrın səhnəsində də uğurla çıxış edərək bir sıra tamaşalarda, o cümlədən S.Vurğunun “Vaqif”, H.Cavidin “Şeyx Sənan”, M.F.Axundovun “Hacı Qara”, C.Cabbarlının “Od gəlini”, “Sevil” pyeslərində müxtəlif səpgili obrazlar yaradır.
Azərbaycanın ilk milli kinorejissoru, məşhur teatr aktyoru A.M.Şərifzadə 1935-ci ildə “Məhəbbət oyunu” kinokomediyasına quruluş verərkən Səttar roluna İsmayıl Əfəndiyevi dəvət edir. Abbas Mirzə gənc aktyorun ifalarını dəfələrlə səhnədə görüb bəyənmişdi. Film sənət baxımından uğurlu alınmasa da, İ.Əfəndiyevin maraqlı oyunu diqqətdən yayınmır.
1939-cu ildə İ.Əfəndiyevin həyatında yeni dövr başlanır. Onu kinostudiyada işləməyə dəvət edirlər. Beləliklə, o, ömrünün sonuna kimi Bakı kinostudiyasında əvvəlcə aktyor, sonralar müxtəlif vəzifələrdə çalışır.
1940-cı ildə gənc rejissorlardan Hüseyn Seyidzadə və Niyazi Bədəlov yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında “Ayna” adlı bədii filmin çəkilişlərinə başlayırlar. Lirik planda yazılmış ədəbi ssenarinin mövzusu müasir kənd həyatından götürülmüşdü. Filmdə sadə bir xalçaçı qızın ustalığa qədər keçdiyi həyat yolundan danışılırdı. Əsas rolları - xalçaçı Aynanı aktrisa Leyla Bədirbəyli, rəssamı isə İsmayıl Əfəndiyev ifa edirdilər.
Xalq artisti Leyla Bədirbəylinin İsmayıl müəllimlə bağlı xatirələrindən: “Rejissorlar tərəfindən Ayna roluna sınaq çəkilişlərinə dəvət olunanda ilk məşqlərin birində mən İsmayıl Əfəndiyevlə görüşdüm. Məşqlərdə mən İsmayılı çox nəcib, xeyirxah, mədəni və yüksək sənət adamı kimi tanıdım.
Bir gün çox çətin və gərgin səhnəni məşq edirdik. Səhnə heç cür alınmırdı. Hüseyn Seyidzadə isə elə hey əsəbiləşir, qışqırırdı. Nə edəcəyimi bilmirdim. Bu vaxt İsmayıl mənə dedi: “Xanım qız, sən heç narahat olma. Rejissorlar işin xətrinə həmişə çığır-bağır salırlar. Sən bu obraza çox yaxınsan. Mən inanıram ki, sən bu rola çəkiləcəksən”. Təsəvvür edin ki, cavan bir qız üçün bu sözlər nə demək idi. Özü də bu sənətdə ilk kövrək addımlarını atan bir qız üçün. İsmayılın sözləri mənə çox təsir elədi, məndə ani olaraq bir dönüş, cəsarət yaratdı. Elə bil ki, mənim gələcək yaradıcılıq yoluma işıq saçdı...”
Təəssüflər olsun ki, müəyyən səbəblər üzündən “Ayna” filminin çəkilişləri yarımçıq qaldı. Böyük Vətən müharibəsi başlanandan sonra rejissorlar çəkilmiş materiallardan istifadə edərək “Sovqat” adlı qısametrajlı bədii film yaratdılar. Film 1942-ci ildə ekranlara buraxıldı. Hətta ön cəbhədə də göstərildi
İ.Əfəndiyevin 1940-1960-cı illərdə çəkildiyi müxtəlif filmlərdə - “Səbuhi” (1941, Rza), “Vətən oğlu” (1941, Kamal Qasımov), “Bəxtiyar” (1955, İsmayılov), “Qara Daşlar” (1956, İmanov), “Qızmar günəş altında” (1957, Nadirov), “Əmək və qızılgül” (1963, həkim), “Zirvə” (1964, Qurbanov, “Kimi daha çox sevirik” kinoalmanaxında), “İnsan məskən salır” (1967, Şirəli) kino əsərlərində oynadığı irili-xırdalı rollar ona elə bir uğur qazandırmasa da bir aktyor kimi püxtələşməsinə müəyyən köməyi olmuşdu. Biz bunu aktyorun “Arşın mal alan” (1945), “Fətəli xan” (1947) və “O olmasın, bu olsun” (1956) kimi dəyərli filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazlarda aydın görə bilərik.
Nəinki Azərbaycan, həm də sovet kinosuna beynəlxalq şöhrət qazandıran “Arşın mal alan” musiqili kinokomediyasının yarandığı vaxtdan 65 il keçir. Bu filmdə İ.Əfəndiyevin yaratdığı Süleyman obrazı uğurludur, yaddaqalandır. Aktyora ilk dəfə ən böyük şöhrəti məhz Süleyman qazandırdı.
Dahi bəstəkar Ü.Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” musiqili kinokomediyasında İ.Əfəndiyev çox maraqlı rollardan birini ifa edir. Onun yaratdığı Həsənqulu bəy inqilabdan əvvəlki qurubəylərin nümayəndəsidir. O, müftəxor və əyyaşdır. Xarici görünüşü, geyimi xoş təsir bağışlasa da mənəviyyatı puçdur. O, dar düşüncəli, meşşan təbiətli, pulgir Həsənqulu bəyin obrazını yaradarkən elə cizgilər axtarıb tapır, elə komik jestlər işlədir ki, tamaşaçı bu personaja, onun hərəkətlərinə, danışıq tərzinə ürəkdən gülür, amma heç də ona mənfi münasibət bəsləmir.
İstedadlı sənətkar İsmayıl Əfəndiyev teatr və kino aktyoru olmaqla yanaşı, həm də teatr və kino rejissoru kimi də fəaliyyət göstərib.
İ.Əfəndiyev 1940-cı ildən etibarən 200-dək sovet və xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.
Çoxşaxəli yaradıcılığa malik sənətkar olan İ.Əfəndiyevdən bizə filmlərindən, yaratdığı obrazlardan başqa, “Su haqqında nağıl”, “Arzu”, “Axtaran tapar” pyesləri, bir neçə ədəbi ssenarisi yadigar qalıb.
Bu gözəl insan heç vaxt kiməsə “pis adamdır” deməzdi, əksinə, deyərdi ki, filankəs pis deyil, onun əsəbi olması şəraitdən, ətrafından gəlir. Hamıya qayğı ilə yanaşırdı. Ona qarşı haqsızlığı görəndə üzə vurmazdı, ürəyinə salardı. Günlərin birində bu ürək İsmayıl müəllimin qəm karvanının yükünə dözə bilmədi. O, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağında qəflətən keçindi. Bu hadisə 1967-ci il mayın 5-də baş verdi. Həyatda necə sakit və təmkinli yaşamışdısa, eləcə də həyatdan sakitcə, heç kimə heç bir söz demədən 57 yaşında dünyasını dəyişdi.