Əjdər İbrahimov 29 aprel 1919-cu ildə Aşqabadda (Türkmənistan) dünyaya gəlib. Burada da orta təhsil alıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - "Türkmənfilm"ə qayıdır. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə "Bakı kinostudiyası"nda işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib. "Bakı kinostudiyası"nda quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilib. Azərbaycan SSR xalq artisti (1971), Azərbaycan SSR və Türkmənistan SSR (1959) əməkdar incəsənət xadimi, SSRİ xalq artisti (1991), Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və "Şərəf nişanı" ordeni laureatıdır. Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Fjd%C9%99r_%C4%B0brahimov