Hüseyn Seyidzadə
Rejissor, aktyor
Hüseyn Seyidzadə 1912-ci ildə İrəvanda anadan olub. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlayıb, sonra fəhlə teatrına daxil olub. Aktyor köməkçisi kimi fəaliyyət göstərib. Bir ildən sonra o, Gənc İşçi Teatrının aktyoru olub. 1930-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) rejissorluq kursunu bitirib və Bakıya qayıdıb. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1938-ci ildə “Bakılılar”, “Böyük şəfəq”, 1939-cu ildə “Ayna” filmlərinin çəkilişində rejissorluq edib. Sonra o, “Lenfilm” studiyasında öz peşəsini təkmilləşdirib. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan “Sovqat” filmini çəkib. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmi çıxır. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, “O olmasın, bu olsun” qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı “Dəli Kür” ssenarisini ekranlaşdırır. “Yenilməz batalyon” (1965), “Koroğlu” (1960), “Var olun, qızlar” (1972), “Qaynana” (1978) bədii filmləri H.Seyidzadənin ən yaxşı rejissor işlərindəndir. Hüseyn Seyidzadə 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülüb. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermir. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat edir. O, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/H%C3%BCseyn_Seyidzad...