Tofiq Quliyev

Tofiq Quliyev

Bəstəkar

BİOQRAFİYA

Tofiq Quliyev 5 noyabr 1917-ci ildə Bakıda (Bilgəh qəsəbəsi) mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində dünyaya gəlib. Anası Yaxşıxanım Mahmudova Hacı Zeynalabdin Tağıyevin gimnaziyasında təhsil alıb və Azərbaycanın ilk qadın hakimlərindən olub. Azərbaycanın ilk qadın inqilabçılarından sayılan Ayna Sultanovanın bacısı oğludur. Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında sənət məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinifində fortepiano, həm də S.Q.Ştrasserin sinifində dirijorluq dərsləri alıb və 1936-cı ildə konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə "Rast", "Segah", "Zabul" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb. XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı" mahnı müsabiqəsini yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb. 70-dən çox filmə, o cümlədən "Bəxtiyar” (1955), “Görüş” (1955), “Ögey ana” (1958), “Onu bağışlamaq olarmı?” (1959), “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Sən niyə susursan” (1966), “Nəsimi” (1973), “Qaynana” (1978) və sair filmlərə musiqi yazıb. Tofiq Quliyevin birinci evlilikdən bir oğlu var. Eldar Quliyev Azərbaycan kino sənətində öz dəsti-xətti olan kinorejissordur. Tofiq Quliyevin ikinci evlilikdən dünyaya gələn qızlarından böyüyü Adilə jurnalistika və ondan 18 yaş balaca olan Lalə isə musiqi sahəsində təhsil alıb. Adilə 26 yaşında vəfat edib və yeganə qızı Cəmilə 8 yaşında anasız qalıb. İllər sonra Tofiq Quliyev taleyin daha bir itkisi ilə üzləşir. Həyat yoldaşı Dilarə xanım vəfat edir. Tofiq Quliyev uzun sürən ağır xəstəlikdən sonra 4 oktyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı I Fəxri Xiyabandadır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tofiq_Quliyev

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç