Maykl York

Maykl York

Aktyor

BİOQRAFİYA

Maykl York əsl adı Mayklı Hyü Conson – britaniyalı aktyor, Britaniya imperiyası ordeni zabitidir. Başlıca olaraq “Romeo və Cülyetta” (1968), “Kabare” (1972) və “Şərq Ekspressində qətl” (1974) filmlərində oynadığı rollara görə məşhurlaşıb. Maykl Hyü Conson İngiltərənin Bakinqemşir qraflığının Falmer kəndində Britaniya ordusunu zabiti Cozef Consonun ailəsində anadan olub. Orta təhsilini Bromli şəhərinin oğlanlar məktəbində alıb. Daha sonra Oksford Universitetində təhsil alıb. Tələbə olduğu illərdə Maykl 1956-cı ildə “Sarı pencək” tamaşasında uğurlu aktyor debütünə imza atıb. Üç ildən sonra o artıq Uest-Enddə “Hamlet” tamaşasında rol alıb. Oksforddan məzun olmazdan əvvəl artıq Milli Gənclər Teatrının truppasının üzvü idi. Eyni zamanda universitetin dram dərnəyində çıxış edirdi. Əlinə diplom aldıqdan sonra bir müddət Şotlandiyanın Dandi şəhərinin yerli teatrlarından birində çalışıb. Daha sonra Milli Kral Teatrının truppasına qatılıb. 1965-ci ildə Franko Zeffirelli ilə əməkdaşlığı başlayıb, onun qoyduğu “Od olmayan yerdən çıxan tüstü” tamaşasında iştirak edib. Daha sonra italiyalı rejissorun “Şıltağın ram edilməsi” (1967) və “Romeo və Cülyetta” (1968) bədii filmlərinə çəkilib. Növbəti tanınmış rolu Klayv Donnelin “Alfred Böyük” (1969) tarixi dramında bütpərəst tayfa başçısı Quturum rolu olub. Aktyor karyerasında öz möhrünü vurmuş və onu geniş kütləyə tanıtmış “Kabare” filmi 1972-ci ildə ekranlara çıxır. Filmdə Layza Minelli ilə baş rola çəkilib. Növbəti il Aleksandr Dümanın “Üç muşketyor” romanının növbəti ekranizasiyasında Dartanyan rolunda çıxış edib. Həmçinin Brodveydə Tennessi Uilyamsın “Haray” pyesində debütünü edib. Bundan başqa elə həmin il Herbert Uelsin ölməz əsəri olan “Həkim Moronun adası” elmi-fantastik romanının motivləri əsasında lentə alınmış eyniadlı bədii filmə çəkilib. 1974-cü ildə Aqata Kristinin “Şərq ekspressində qətl” adlı romanının görkəmli ekranizasiyasında qraf Adreni rolunu oynayıb. 1976-cı ildə “Loqanın qaçışı” adlı fantastik kinofilmdə baş rolu ifa edib. Film ən yaxşı xüsusi effektlər nominasiyasında “Oskar” mükafatını qazanıb. 1997-ci ildə aktyor “Ostin Pauers” casus komediyasında görüntülənib. Daha sonra filmin 2 sikvelində də rol alıb. 1998-ci ildə onun iştirakı ilə “Studiya 54”, 1999-cu ildə isə “Kod Omeqa” adlı filmlər ekranlara çıxıb. Son işlərindən biri “Transformerlər: Məğlubların qisası” (2009) filmində personajlardan birini səsləndirməsi olub. Hazırda 1968-ci ildən bəri evli olduğu həyat yoldaşı Patrişa MakKallumla Kaliforniyada yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%99%D0%BE%D1%80%D0%BA,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç