Mustafa Mərdanov
aktyor
Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Mərənddə (Cənubi Azərbaycan) anadan olub. O hələ uşaqkən ailələri Tiflisə köçüb və 1924-cü ilə qədər burada yaşayıblar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır. Lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.
Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.
Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi.
1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "26 komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.
Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı.
Məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.
Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır.
Onun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filminə çəkilir. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.
Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik edir.
Mustafa Mərdanovun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı 1959-cu ildə çap edilib. Ölümündən sonra – 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılıb.
12 dekabr 1968-ci ildə Mustafa Mərdanov Bakıda vəfat edib.