Sabit Rəhman

Sabit Rəhman

Yazıçı, dramaturq

BİOQRAFİYA

Sabit Rəhman Şəki (keçmiş Nuxa) şəhərində anadan olub (1910), ilk təhsilini burada aldıqdan sonra Bakıda A.Şaiq adına Nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb (1924), burada ona H.Cavid, A.Şaiq və S.Hüseyn kimi qüdrətli sənətkarlar dərs deyib. Yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunur (1926). Bir müddət sonra isə ali təhsil dalınca Bakıya gəlir və Bakı Ali Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsində təhsilini davam etdirir (1929-1932). Bu illərdən başlayaraq "Molla Nəsrəddin", "Kommunist", "Gənc işçi", "Yeni yol", "Dağıstan füqərası", "Nuxa fəhləsi" qəzet və jurnal səhifələrində müxtəlif səpkili (məqalə, şeir, felyeton və s.) yazılarla çıxış edir. "Şirin bülbül" (1932) və "Pozğun" (1932) kitablarının nəşri ədəbi mühitdə maraqla qarşılanır. Bundan ruhlanan S.Rəhman "Vəfasız" povestini yazır. Əsər Azərbaycan tənqidçiləri tərəfindən kəskin tənqid olunur və müəllif Bakını tərk etməyə məcbur olur. O, yenidən Nuxaya qayıdaraq MTS-in siyasi şöbəsində işləyərək Azərbaycan kəndini və həyatını öyrənir və yalnız Azərbaycan sovet yazıçılarının I qurultayında iştirak etməsi barədə teleqram aldıqdan sonra Bakıya qayıdır. Bir müddət teatrda bədii hissə müdiri işləməsi onu bu mühitə yaxınlaşdırır. İki il Moskvada ssenari kursunda təhsil alması isə onu kino sənətinə gətirən amillərdən olur. "Toy" və "Xoşbəxtlər" komediyasının uğurlu taleyi tezliklə onu adının A.Korneyçuk, B.Romaşov, İ.İlf, V.Petrov, M.Zoşşenko kimi dövrün satirikləri ilə yanaşı çəkilməsinə səbəb olur. "Aşnalar" (1945), "Aydınlıq" (1949), "Nişanlı qız" (1953), "Əliqulu evlənir" (1961), "Yalan" (1965), "Dirilər" (1970) və s. əsərlərilə Azərbaycan komediya poetikasına zənginlik gətirir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. Şəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var. Bəstəkar Emin Sabitoğlunun atasıdır. Musiqişünas Ceyran Mahmudovanın babasıdır. Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Sabit_R%C9%99hman

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç