Mehdi Məmmədov
Teatr rejissoru, aktyor və pedaqoq, publisist
Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada (Azərbaycan) papaqçı Əsədulla kişinin ailəsində doğulub. Amma doğum tarixinin 1915-ci ildə olma ehtimalı da var. 1922-ci ildə ailəsi, deyilənə görə, güzəran səbəbilə Bakıya köçür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyorluq sevdasına düşür. Dindar Əsədulla kişi əlbəttə ki, razılaşmır, acıqlanıb, əngəlləyir. Amma Mehdi fikrini dəyişmir. Onun teatr sevdasına düşməsi o zaman qadın rollarını oynayan Cəlil Bağdadbəyovun təsiri idi. Mehdi onlarla qonşuluqda yaşayan Cəlilə tamaşalardakı mətnləri köçürmək işində kömək edirdi. Az sonra Mehdi bir aktyorun köməkliyi ilə Türk Bədaye Teatrının yardımçı heyətinə işə götürülür. Gələcək rejissor kütləvi səhnələrdə oynayır və teatr texnikumunda Hüseyn Cavid kimi dahidən təhsil alır. 1935-ci ildə Teatr texnikumunu bitirən Mehdi Məmmədov Moskvaya Teatr Sənəti İnstitutuna yollanır. Dörd ay oxuyandan sonra instituta ərizə yazıb, bir illik möhlət istəyir (əsəbləri qaydasında olmadığına görə). Bu gərginliyi bir neçə səbəblə bağlamaq olar: əvvəla Mehdi Məmmədov onda rus dilini pis bilirmiş, çox oxumaq və dillə bağlı kompleks keçirmək onun əsəblərini pozur. Başqa bir versiyaya görə, uğursuz bir sevgi əhvalatı yaşayır, digər bir səbəb kimi atasının xəstəliyi və vəfatı ehtimal olunur. Bu ərəfələrdə rejissor ruhi xəstəxanada müalicə alır. Müalicədən sonra cümlələrində səhv tutmasınlar deyə, fikirləşib sonra danışır və get-gedə bu onda vərdişə, xarakterə çevrilir. Sonralar Mirzağa Əliyev zarafatla deyirmiş ki, Mehdi Məmmədova bu gün salam versən, əleyksalamı sabah alarsan... 1937-ci ildə Abbas Mirzə Şərifzadəni Bakıda həbs edib güllələyirlər. Mehdi Məmmədov bu zaman Moskvada təhsilini davam etdirirmiş. V.Nemiroviç-Dançenko kimi teatr xadiminin yanında təcrübə keçir. Rejissor debütünü Gəncə teatrında edir. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Bütün bu vaxtlar ərzində ən yaxın dostu olan Rza Təhmasiblə məktublaşır. Müharibə illərində Mehdi Məmmədov qəhrəmanlıq ruhlu tamaşalar hazırlayır. Onların içində bir risklisi də olur - “Vaqif” dramı. Adil İsgəndərovun məşhur-cahan tamaşasından sonra onu yenidən hazırlamaq nə demək idi? Fakt odur ki, onun “Vaqif”i (1942) o qədər də maraqla qarşılanmadı. Amma Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” pyesinin tamaşası uğurlu olur, həm də bu yerdə artıq onların adını afişada bir yerdə oxumaq mümkün olur – Mehdi Məmmədov və Barat Şəkinskaya. Bu həm də sevgi romanının afişasıdır. Elə bu tamaşadan bir az sonra Barat xanımı Bakıya –Akademik Milli Dram Teatrına çağırırlar. Mehdi Məmmədov Moskvaya aspiranturaya getmək qərarına gəlir. Amma vəziyyət dəyişir: Barat xanım Mehdi Məmmədovu da dəvət etməsələr, Bakıya gəlməyəcəyini deyir. Beləliklə, Mehdi Məmmədov Akademik Milli Dram Teatrına - Adil İsgəndərovun teatrına gəlir. Əlbəttə ki, həyatında dəyişikliklər çox olur - Teatr İnstitutunda dərs deməyə, Barat Şəkinskaya və onun balaca qızı Solmaz Həmzəyeva ilə birgə yaşamağa başlayır. Bu illərin bir uğuru da 10 ildən artıq repertuarda olmuş “On ikinci gecə” tamaşası olur ki, oradakı Viola obrazını da Barat xanım yaradır. Hətta 8 aylıq hamilə ikən gənc bir qızı – üstəlik bəzi səhnələrdə kişi rolunda necə oynaması indiyədək sirr olaraq qalır. 1946-cı ildə Barat xanımla Mehdi Məmmədovun oğlu Elçin dünyaya gəlir. Elçin Məmmədovu tamaşaçı “Yeddi oğul istərəm”dəki Mirpaşadan tanısa da, o, teatr aləmində peşəkar, istedadlı rəssam kimi məşhur idi. “On ikinci gecə”ni Barat xanım oğlu doğulandan 15 gün sonra yenidən oynayır. Bu tamaşada Hökümə Qurbanova Orsinionu oynayır. Deyilənə görə, rejissor özü də quruluş verdiyi pyesdəki kimi qarmaqarışıq sevgi üçbucaqlarına düşürdü və teatrın gözəl aktrisaları ona aşiqliyini gizlətmirdilər də. Bu söhbətlər böyüyür və onun Barat Şəkinskaya ilə münasibətlərinə təsir edirdi. Sevgi romanı bitir... 1951-ciildə onlar sivil şəkildə, anlayışla ayrılırlar və övladları Elçinin atası ilə qalması barədə razılığa gəlirlər. Bu ayrılıq aktrisa və rejissor kimi münasibətlərinə ziyan vurmur. Ayrılıqdan çox yox, cəmi bir il sonra Barat Şəkinskaya Mehdi Məmmədovun “Mehmanxana sahibəsi” tamaşasında Mirondalinanı oynayır. “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırlayanda rejissor qəhrəmanın psixoloji vəziyyətini anlatmaq üçün aktyorları dəlixanaya aparmaq qərarına gəlir. Barat xanım getməkdən imtina edir. Avtobusda gedərkən Vəlixanlı familiyalı aktyor hamıya eşitdirə-eşitdirə Mehdi Məmmədovdan soruşur: “Mehdi müəllim, Barat xanım hanı?”. Mehdi Məmmədov adəti üzrə dərindən nəfəs alıb, handan-hana cavab verir: “Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur”. Əlbəttə, bu söhbəti əlavələr lə Barat xanıma çatdırırlar ki, bəs, Mehdi Məmmədov dedi ki, onun dəlixanaya ehtiyacı yoxdur, o, elə binədən dəlidir. Barat xanım bunun qisasını məşqdə alır. Aktyorların birindən xahiş edir ki, məşqdə Mehdi Məmmədovun yanında ondan dünən dəlixanaya niyə getmədiyini soruşsunlar. Belə də edirlər və Barat xanım cavabında əli ilə keçmiş ərini göstərib gülə-gülə deyir: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə yaşamışam...”. 1956-cı ildə Mehdi Məmmədovu Sov. İKP-a üzvlüyə qəbul edirlər bu partiya bileti cibində o, Opera və Balet Teatrının baş rejissoru vəzifəsinə keçir. Bir il sonra o, bu teatrda öz rejissor debütünü edir: “Lakme” operası. Bu operanın premyerasından ikicə ay sonra onun quruluşunda “Azad” operası oynanılır. 1958-ci ildə Mehdi Məmmədova SSRİ-in Xalq artisti adı verilir. Opera və Balet Teatrı Mehdi Məmmədovun şəxsi həyatına da təsirsiz ötüşmür. Burada opera müğənnisi İya Aksyonova ilə tanış olur. Bu tanışlıq yaradıcılığa, sonra sevgiyə, sonda da evliliyə yol açır. Və bu evlilikdən Mehdi Məmmədovun Çingiz adlı oğlu dünyaya gəlir. Amma bu ailə həyatı da axıra kimi davam etmir. Yenə də yaraşıqlı, xarizmatik kişi olan Mehdi Məmmədovun eşq macəraları haqda söhbətlər səngimək bilmir və nəticədə 1969-cu ildə bu evlilik boşanma ilə sona çatır. Mehdi Məmmədov 1960-cı ildə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunur. Həmin vaxt Adil İsgəndərov baş rejissor vəzifəsindən uzaqlaşdırılmışdı. Və bu vəzifə Mehdi Məmmədova həvalə olunmuşdu. Ancaq o cür konfliktlər, intriqalar Mehdi Məmmədovdan da yan keçmir. Heç 3 il o kürsüdə duruş gətirə bilmir. Nə baş verirsə, 1963-cü ildə elmi işlə məşğul olacağını əsas gətirərək, ərizəsini yazıb teatrdan gedir. Bu haqda özü bircə kəlmə deyir: “Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”. Fakt isə budur ki, o, özünü və istedadını vəzifəyə, intriqalara və dedi-qoduya qurban vermək istəməmişdi. Həm də Mehdi Məmmədov Opera və Balet Teatrında baş rejissor olanda artıq Tofiq Kazımov Akademik Dram Teatrında gənc aktyorların sevimlisinə çevrilmişdi.
İllər sonra Mehdi Məmmədov müsahibələrindən birində demişdi: “Gərək mən Ədil İsgəndərovun yerinə getməyəydim. Getdim… İşlədim… Və əmin oldum ki, mən Ədil İsgəndərovun yaratdığı teatr estetikasını dağıdıb özümünkünü təqdim etməkdə acizəm”.
Baş rejissorluqdan getdikdən sonra bir neçə il tamaşa hazırlamır. 1945-ci ildən başlayan pedaqoq işini davam etdirir, Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyir, alimlik fəaliyyəti ilə məşğul olur – kitab və monoqrafiyalar yazır.
Bir də 1968-ci ildə Akademik Milli Dram Teatrının səhnəsinə qayıdır. Tolstoyun “Canlı meyit” əsərilə. Protasovu özü, Maşanı isə estetikadan dərs dediyi tələbəsi, ondan 27 yaş kiçik olan Şəfiqə Məmmədova oynayır. Elə bu tamaşayla da yeni, böyük məhəbbət yaranır... Və 1973-cü ildə onların oğlu Ülvi dünyaya gəlir. Amma 1974-cü ildə rəsmi şəkildə yeni doğulmuş oğlundan imtina edir...
1974-cü ildə Mehdi Məmmədovu yenidən Opera və Balet Teatrına baş rejissor təyin edirlər. 2 il sonra bu səhnədə yenidən “Leyli və Məcnun”a müraciət edir. Amma bu dəfə Leyli obrazında Nəzakət Məmmədova səhnəyə çıxır...
Həmin illər Mehdi Məmmədov haqqında anonim məktublar yazılır, dərsə gəlmədiyi, işə məsuliyyətsiz yanaşdığı iddia olunur. Nəticədə institutda rejissorluq kafedrası müdirliyindən azad olunur. 1977-ci ildə Aslan Aslanov instituta rektor təyin olunanda sonra onu yenidən işinə bərpa edir.
1978-ci ildə Mehdi Məmmədov “Dəli yığıncağı”na quruluş verir və bu tamaşa milli teatr tarixində əfsanəyə çevrilir.
"Dəli yığıncağı"ndan sonra Mehdi Məmmədov Rus Dram Teatrına baş rejissor gedir. Orda 2 tamaşaya quruluş verir - "Mənim Nadejdalarım" və "Həyatın dibində". 4 il sonra isə ərizəsini yazıb bu teatrdan ayrılır. Ondan sonra Dram Teatrında Hüseyn Cavidin “İblis” əsərinin qurluşuna başlayır. 1983-cü ildə tamaşanın premyerası olur. 1984-cü ildə tamaşa Dövlət mükafatı qazanır.
1983-cü ildə Mehdi Məmmədov 65 yaşında yenidən evlənir - Teatr İnstitutunda laborant işləyən Dilarə xanımla. Bu nikahdan onun Vüqar adlı oğlu dünyaya gəlir. Dilarə xanım əvvəl institutun dəftərxanasında işləyirdi. Sonra Mehdi Məmmədovun müdir olduğu kafedraya laborant keçir. Ondan sonra aralarında münasibət yaranıb. Dilarə xanım ondan 33 yaş kiçik idi. Amma bir-birlərini sevmiş və evlənmək qərarına gəlmişdilər. Lakin Mehdi Məmmədov oğlu 9 aylıq olanda, 1985-ci il yanvarın 28-də “Sahil” metrostansiyasının yaxınlığında yerləşən bərbərxanada ürək tutmasından yerindəcə keçinir. Bakıda I Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, 1959-cu ildə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilib. Bu rol onun kinoda ilk və son işi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mehdi_M%C9%99mm%C9%99dov