Teyyub Axundov

Teyyub Axundov

Kinooperator, rejissor, ssenarist

BİOQRAFİYA

Teyyub Mirzəhəsən oğlu Axundov 30 yanvar 1920-ci ildə Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt "Bakı" kinostudiyasında görkəmli kinodramaturq C.Cabbarlının eyniadlı əsəri əsasında “Almaz” filminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir. Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur. Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. İki dəfə yaralanaraq hospitala düşür. Qələbə xəbərini Vyanada eşidir. Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir. 1946-cı ilin iyununda ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə "Bakı" kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir. Orada məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya və Mark Magitsondan operator sənətinin sirlərini öyrənir. Doğma kinostudiyaya qayıtdıqdan sonra isə geniş dünyagörüşünü və zəngin mütaliəsini səmərəli iş əmsalına çevirib Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirir. Kinorejissorlar da tarixi-bioqrafik (“Mahnı belə yaranır”), detektiv (“Onu bağışlamaq olarmı?”), tarixi-inqilabi (“Qatır Məmməd”), hərbi-vətənpərvərlik (“Dağlarda döyüş”), lirik-psixoloji (“Tütək səsi”, “Şərikli çörək”) və başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə edirdilər. İstedadlı kinooperator 1954-cü ildə Yan Frid və Hüseyn Seyidzadənin çəkdiyi “Doğma xalqıma” adlı ekran əsərinin operatorlarından biri olur. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi idi. O, filmdə tanınmış operatorlar Ə.Atakişiyev və X.Babayevlə birlikdə çalışır. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T.Tağızadənin “Görüş” filmində çalışır. Kinorejissorların diqqətini çəkən sənətkar bundan sonra bir-birinin ardınca müxtəlif janrlı filmlərin çəkilişinə dəvət alır. Onun ümumi yaradıcılığına 25 sənədli, 17 bədii ekran əsəri, “Mozalan” kinojurnalının səkkiz filmi daxildir. Peşəkar operatorun çəkdiyi sadə süjetli filmlər belə maraqlı və mənalı kadr kompozisiyasına görə tamaşaçını darıxdırmır, filmləri baxımlı edirdi. Görkəmli rejissor Rza Təhmasib Teyyub Axundovun nəzəri və praktik biliyinin daha genişplanlı və məzmunlu ekran əsərləri işləməsinə imkan verdiyini görür və 1959-cu ildə quruluş verdiyi “Onu bağışlamaq olarmı?” filmini lentə almağı ona həvalə edir. Azərbaycan kinosuna layiqli imza atan kinooperatorun lentə aldığı bədii filmlər yüksək mükafatlara layiq görülüb. Teyyub müəllim xronika sahəsində də uzun illər çalışıb, operator kimi “Sülh uğrunda mübarizə”, “Onun 150 yaşı var”, “Çağırışa cavab”, “Azərbaycan subtropiklərində”, rejissor-operator kimi “Gənc metallurqlar”, “Mən Xəzər dənizçisiyəm”, “Şirvan qoruğu”, rejissor kimi “Mikayıl Müşfiq”, “Bizim qayğılarımız” və s. sənədli filmləri çəkib. Teyyub Axundov 1991-ci il dekabrın 3-də 71 yaşında vəfat edib.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Teyyub_Axundov

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç