Barat Şəkinskaya

Barat Şəkinskaya

Aktrisa

BİOQRAFİYA

Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. 1923-cü ildə Gəncəyə köçüblər. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Barat Şəkinskaya üç dəfə ailəli olub. İlk dəfə 16 yaşında aktyor Mir İbrahim Həmzəyevə ərə gedən Şəkinskayanın bu izdivacdan qızı Solmaz dünyaya gəlir (Solmaz xanım ömrünün əlli ilini Azərbaycan Televiziyasında rejissor vəzifəsində çalışıb). İki ildən sonra ailə dağılır. Barat Şəkinskaya ikinci dəfə 1936-cı ildə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur, Rövşanə adlı bir qızları dünyaya gəlir. (Rövşanə xanım professor Fərhad Bədəlbəylinin anadan ayrı bacısıdır). Ailə bir müddət çox mehriban yaşayır. Şəmsi Bədəlbəyli hətta Solmazı öz doğma atası ilə də tanış edir. Amma onlar da ayrılır. Səbəbi məlum olmasa da, sərt və sözübütöv Barat Şəkinskaya altıotaqlı evi də, qızı Rövşanəni də Şəmsi Bədəlbəyliyə buraxaraq Gəncəyə qayıdır. Üçüncü və sonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Deyilənə görə, Barat Şəkinskaya ailə həyatının ən gözəl illərini rejissor Mehdi Məmmədovla yaşayır. Evliliklərindən dünyaya gələn oğulları Elçin Məmmədov da həm aktyor, həm də rəssam kimi çox tanınır. Biz bu aktyoru ən çox “Yeddi oğul istərəm”də Mirpaşa, “Dədə Qorqud” filmində isə Qaraca çoban rolları ilə tanıyırıq. Amma Elçinin uşaqlıq illəri atasının anasına etdiyi xəyanət üzündən o qədər də fərəhli keçməyib. Barat Şəkinskaya xəstəxanada müalicə olunarkən Mehdi Məmmədov evinə qadın dəvət edir. Sonradan bunu bilən Barat xanım Şəmsi Bədəlbəyli ilə etdiyi jesti təkrarlayır. Evi və uşağı xəyanətkarın üstünə ataraq çıxıb gedir. Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. Aktrisa Moris Meterlinqin “Göy quş” (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola),“Polad qartal” (Şəfiqə), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Qəribə əhvalat" (1960), "Telefonçu qız" (1962), "Azəri teatrının ustaları" (1966), "Evin kişisi (1978), "Onun bəlalı sevgisi" (1980), "Üzeyir ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında 4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı". Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə 84 yaşında dünyasını dəyişib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Barat_%C5%9E%C9%99ki...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç