Fuad Poladov 24 may 1948-ci ildə Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. 20 il bu kollektivdə işləyib. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. 50-yə yaxın film və seriala imza atıb. 2017-ci ilin əvvəlində ona ağ ciyər xərçəngi diaqnozu qoyulub və bu xəstəlik onun səs tellərinə də təsir göstərib. Fuad Poladov 5 may 2018-ci ildə 69 yaşında vəfat edib. Öz vəsiyyəti ilə son mənzilə teatr səhnəsindən deyil, evindən götürülüb və "Qurd qapısı" adlandırılan qəbiristanlıqda dəfn edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Fuad_Poladov