Hacı İsmayılov
Aktyor
Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabrın 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında dərviş Məstəli şah rolunu ifa edib. Bundan sonra C.Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevralın 16-dan Akademik Milli Dram Teatrında çalışır. "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980). 17 may 1989-cu ildə "Azərbaycan SSR-nin əməkdar artisti", 18 dekabr 2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb. Ailəlidir, iki övladı və üç nəvəsi var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hac%C4%B1_%C4%B0smay...