Ədil İskəndərov

Ədil İskəndərov

Aktyor, rejissor

BİOQRAFİYA
Ədil İskəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Ədil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Ədil İskəndərov Teatr Texnikumunu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Ədil İskəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Ədil müəllim uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçıb, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaradıb. Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Ədil İskəndərov bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Ədil İskəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Ədil İskəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Ədil İskəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. Ədil İskəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ədil İskəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Otello", "Türkiyədə" və sair əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Ədil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Ədil İskəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. 1966-74-cü illərdə kinostudiyanın direktoru işləyib. "Uzaq sahillərdə", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə" və sair filmlərdə çəkilib. 1963-cü ildə çəkdiyi "Əhməd haradadır?" filmi rejissor kimi yeganə işidir. 18 sentyabr 1978-ci ildə ürək çatışmazlığından vəfat edir. Məzarı II Fəxri Xiyabandadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Adil_%C4%B0sg%C9%99n...

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç