Əlisəttar Atakişiyev
Rejissor, operator
Əlisəttar Atakişiyev 25 dekabr 1906-cı ildə Bakıda xarrat ailəsində anadan olub. Səkkiz yaşında valideynlərini itirir, ondan başqa dörd bacısı da qardaşının himayəsində yaşayır. Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. 1936-cı ildə "Mosfilm"də işləməyə başlayır. 1938-ci ildə Bakı kinostudiyasına dəvət almış V.Turin "Bakılılar" filminin çəkilişi zamanı Ə.Atakişiyevi operator kimi dəvət edir. 1943-cü ildə "Bir ailə" filminin quruluşçu-operatoru kimi işləyir. Estoniyanın ilk rəngli filmini çəkib. Kinooperator, rejissor vә rәssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azәrbaycanın әmәkdar incəsənət xadimi adına layiq görülüb. Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyaları әsasında çәkilmiş "Arşın mal alan" (1945, Muxtar Dadaşovla birgә), "O olmasın, bu olsun" (1956) filmlәrinin quruluşçu operatoru olub. Xeyli vaxt hind filmlərinin dublyaj rejissoru kimi işləyib. "Bir qalanın sirri” Əlisəttar Atakişiyevin ilk rejissor işi olur (1959). Və elə bu filmin ucbatından başı bəla çəkir, məhkəmədə cavab verməli olur. “Bir qalanın sirri” istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bu C.Cabbarlı adına “Azərbaycanfilm”in kollektivinin mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu bircə şeydə görürlər: Leninqrada gedib “Lenfilm” kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirmək. Laboratoriya rəisi bəhanə edir ki, işlər çoxdur, qabağa düşmək üçün gərək əliniz cibinizdə olsun. Atakişiyev Əli Məmmədovdan 80 manat pul göndərir ki, rəisə çatdırsın. İki gün işlər qaydasına düşsə də, laboratoriya rəisi yenə işdən boyun qaçırır, bəhanə həmin bəhanəydi: vaxtım yoxdur. Əlacsız qalan rejissor bu dəfə 100 manatından keçməli olur: yenə pul Əli Məmmədov vasitəsilə göndərilir. Və işlər qaydasına düşür: film vaxtında təhvil verilir, böyük uğur qazanır, kollektiv də mükafatsız qalmır. Bir müddət keçəndən sonra heç kimin gözləmədiyi hadisə baş verir: rüşvət məsələsinin üstü açılır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağrılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək müəssisəsində keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilirlər. Dahi bəstəkar Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri RSFSSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar. 1961-ci ildə "Bizim küçə" filmini çəkiir. 1964-cü ildə "Sehrli xalat" filmini çəkir və bu film 60-cı illərin uşaqlarının sevimli ekran əsərinə çevrilir. Həyat yoldaşı Konstantin Stanislavskinin nəvəsi, aktrisa Yelizaveta Vladimirovna Alekseyeva idi. Bu həmin Stanislavskilər idi ki, çar dövründə Moskvanın məşhur “Krasnıye vorota” deyilən yerində 72 otaqlı böyük mülkləri, içində də nə az, nə çox – düz yeddi royal vardı. Yelizaveta kübar mühitində böyüyən, tərbiyə alan, qayğının-ehtiyacın nə demək olduğunu bilməyən xanım idi. Üstəgəl, işlədiyi teatrda mövqe tutmuşdu, babasına görə hər yerdə hörmət, diqqət görürdü. Bakıya qayıdandan sonra qadın burada qərar tuta bilmir və onlar ayrılırlar. Əlisəttar Atakişiyev Bakıda tək qalır. Rejissorun bu izdivacdan indi Kanadada yaşayan Xəlil adlı oğlu var. Əlisəttar A. ikinci dəfə rus generalının qızı ilə ailə qurur. İkinci evlilikdən uşağı olmur. Həyat yoldaşının ilk evliliyindən olan qızına isə atalıq edir. Ona görə bəziləri o qızı Əlisəttarın doğma qızı bilirdilər. Əlisəttar Atakişiyev 7 noyabr 1990-cı ildə Moskva yaxınlığındakı Matveyevkadakı Qocalar Evində vəfat edib və bu barədə kinostudiyaya xəbər verilsə də, onlar vəsaitlərinin olmadığını əsas gətirərək Azərbaycanın kino nəhənginin nəşinin Bakıya gətirməkdən imtina edir və rejissor Moskvada Qocalar Evinin qəbiristanlığında dəfn edilir (Həmin illərdə kinostudiyanın direktoru Ramiz Fətəliyev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov idi). 2012-ci ildə məzarının üstünü götürmək üçün müraciət edən "Azərbaycanfilm" kinostudiyasına Moskvadan rədd cavabı verilir. Yalnız sonradan oğlundan rəsmi icazə veriləndən bir neçə ay sonra "Azərbaycanfilm" kinostudiyası Ə.Atakişiyevin məzarının üstünü götürür. Çində kino sənəti fakültəsiində rejissor fantaziyalarının sonradan həyatda öz təsdiqini tapmasına dair dərslikdə Ə.Atakişiyevin "Sehrli xalat" filmində göstərdiyi planşetin yarım əsr sonra yaradıldığı nümunə kimi göstərilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Flis%C9%99ttar_...