Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan sənətşünas Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Əvvəlcə Azərbaycan Neft və Kimya İnsitutunu bitirir, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB - İbrahimbəyov, RUS - Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100-dən çox ölkəsinin teatrlarında tamaşaya qoyulub. Xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Azərbaycanın Xalq yazıçısıdır (1998). “Şöhrət” ordeni ilə təltif olunub (1995). Rüstəm İbrahimbəyov 7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2 iyul 2013-cü il tarixindən birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında ikili vətəndaşlığı (Rusiya və Azərbaycan) əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilib. 25 yanvar 2012-ci ildə Rüstəm İbrahimbəyov Fransa Senatı qondarma erməni soyqırımını “tanımamağa görə” cinayət məsuliyyətini nəzərdə tutan qərar qəbul edəndə Azərbaycan-Fransa Cəmiyyətinin prezidenti vəzifəsindən və Fransa İncəsənət və Ədəbiyyat Ordenindən imtina edir. Rüstəm İbrahimbəyov bu qanunun türklərə qarşı yönəldiyini qeyd edərək demişdi ki, həmin sənəd fransızların adi vətəndaş hüquqlarını pozur. Həyat yoldaşı Şöhrət İbrahimbəyova ilə evliliyindən 1972-ci ildə Fuad adlı oğlu doğulub. Azərbaycan Rus Dram Teatrının aktrisası Lüdmila Duxovnaya ilə münasibətlərindən qızı Fatimə dünyaya gəlib (1974).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/R%C3%BCst%C9%99m_%C4...