Eldar Quliyev
Rejissor
Eldar Tofiq oğlu Quliyev - Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycanın xalq artisti (1982), "Debüt" studiyasının ilk bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, ANS Şirkətlər Qrupuna aid olan Azərbaycan Milli Kino və Animasiyaya Dəstək layihəsində kollegiya üzvü olub. Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda (Azərbaycan) məşhur bəstəkar Tofiq Quliyevin ailəsində anadan olub. XX əsrin ictimai-siyasi xadimi Ayna Sultanova (1895-1938) ata tərəfdən nənəsinin bacısıdır. Eldar Quliyevi nənəsi böyüdüb. Ata-anasını adları ilə çağırırmış. Eldar Quliyev 1960-1966-cı illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu...” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmlərin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, “Ən vacib müsahibə”, “Var olun, qızlar”, “Ürək... Ürək...”, “Nizami”, “Nə gözəldir bu dünya”, "Gümüşgöl əfsanəsi“, "Girov”, ”İstanbul reysi”, "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin, bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Eldar Quliyevin iki qızı, üç nəvəsi var. 16 aprel 2021-ci ildə vəfat edib. Eldar Quliyev Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: