Münəvvər Kələntərli

Münəvvər Kələntərli

Aktrisa

BİOQRAFİYA
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda (Azərbaycan) çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar İkinci Dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də (o zaman 17 yaşı vardı) öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib. Aktrisa 10-dan çox sayda bədii filmə çəkilib. “Arşın mal alan” (1945), “Bakının işıqları”(1950), “Bəxtiyar” (1955), “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Onun böyük ürəyi” (1958), “Əmək və qızılgül” (1962) və s.  
Münəvvər Kələntərli kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir. Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə sıx rəfiqəlik edib. Münəvvər xanım yaxşı “biş-düş” edirmiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışarmış. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb.
Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur. Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", deyib qızı ilə birgə Bakıda qalır. Deyilənə görə, çox yaxşı insan hesab olunan Ənvər Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə başını götürüb gedir. Münəvvər Kələntərli həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilir. 1960-cı illərdə aktrisanın şəkəri kəskinləşir. Aktrisa gənclik illərində cərrahiyyə əməliyyatı keçirir və nəticədə həkimlər böyrəyinin birini götürməli olubrar. Moskvada ezamiyyətdə olarkən isə korbağırsağından qəfil sancı tutur. Bakıda əməliyyat olunur, lakin Münəvvər Kələntərli ikicə gün, özü də huşsuz vəziyyətdə yaşayr. Cərrah korbağırsaq kəsiləndən sonra yaranı düzgün tikməyib, eyni zamanda digər sağlam böyrəyi də zədələyib. Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. Bakının Yasamal qəbiristanlığında dəfn olunub.
Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda - ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Aktrisanın digər bacı-qardaşları da 40-50 yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi isə onların nəslində irsi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/M%C3%BCn%C9%99vv%C9%99r_K%C9%99l%C9%99nt%C9%99rli
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç