Skarlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda (ABŞ) dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb. Skarlettin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığına görə, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb. Aktrisa "Calvin Klein" şirkətinin "Eternity moment" ətirinin reklam simasıdır. O, 2006-cı ildə "L`Oreal" şirkəti ilə müqavilə imzalayıb. Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt edir. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir. Skarlett "Qara səhləb çiçəyi" filminin çəkilişlərində tanış olduğu aktyor Coş Hartnettlə görüşür, lakin 2006-cı ilin sonunda onlar ayrılırlar. Mark Uolberq və Castin Timberleyklə eşq yaşayan aktrisa 5 may 2008-ci ildə Rayan Reynoldsla nişanlandığını elan edir və sentyabrın 28-də onlar ailə qururlar. Solaxay olduğu məlum olan Skarlett Yohansson ildə iki dəfə QİÇS analizi verməyi də unutmur və bunu etməyənləri səhlənkar adlandırır. Aktrisa “Matç Poynt” və “Tərcümənin çətinliyi” filmlərindən sonra şöhrət qazanıb. 2004-cü ildə “Tərcümənin çətinliyi” filmindəki roluna görə BAFTA mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Skarlet_Yohansson