Lüdivin Sanye
Aktrisa
Lüdivin Sanye 3 iyul 1979-cu ildə Fransanın La-Sal-Sen-Klod şəhərində anadan olub. 6 yaşından böyük bacısı ilə teatr kurslarına gedib. 8 yaşında olanda “Ərlər, arvadlar və sevgililər” (1989) adlı filmdə kinodebütün gerçəkləşdirib. Bir ildən sonra yay tətilində olan zaman “Sirano de Berjerak” (1990) filmində rol alıb, Jerar Depardye ilə çəkiliş meydançasını bölüşüb. Ardınca “Fonten ailəsi” (1992) adlı seriala dəvət olunub. “Mənim qızım” və “Leon” filmlərinin dublyajında iştirak edib. Peşəkar aktrisa olmağı planlaşdırmasa da, konservatoriyada aktyorluq sənəti üzrə dərslərdə iştirak edib. Məktəbi bitirdikdən sonra Sorbonna şəhərində filologiya ixtisası üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə yerli tamaşalarda iştirak edib. 2003-cü il Lüdvin Sanye üçün uğurlu il sayıla bilər. Belə ki, 3 filmin – “Ehtiras əlamətləri”, “Lili körpə” və “Piter Pen” çəkilişlərində iştirak edib. 2006-cı ildə “Paris səni sevirəm” kinoalmanaxının novellalarından birində oynayıb. 2007-ci ildə “Molyer” (rejissor – Loran Tiran), “İki yerə bölünmüş qadın” ( rejissor – Klod Şabrol), “Ailə sirri” (rejissor – Klod Miller), “Yalnız sevgi mahnıları” (rejissor – Kristof Onore) filmlərində rol alıb. “Ailə sirri” filmində oynadığı rola görə Sanye “Sezar” kinomükafatına namizəd olub. 2011-ci ildə “İblisin Əkizi” bioqrafik dramında Səddam Hüseynin oğlunun məşuqəsi rolunu oynayıb. 2004-cü ildə “Avantüra” filminin çəkilişləri zamanı Sanye ilə aktyor Nikolya Düşovel arasında eşq macərası yaşanıb. 2005-ci ildə cütlüyün Bonni adlı qızı doğulub, ancaq çox keçmədən onlar yollarını ayırıb. 2009-cu ildə isə aktrisa ikinci dəfə ana olub, hazırkı həyat yoldaşı rejissor Kim Şapirondan Li-Lan adlı qızını dünyaya gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ludivine_Sagnier