Mixail Boyarski - Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənnidir. 1949-cu il dekabrın 26-da Leninqradda (indiki Sankt Peterburq) anadan olub. Atası Sergey Boyarski və anası Yekaterina Melentyeva teatr aktyorları olublar. Lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar. Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q.Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcək həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir. Mixail Boyarski Azərbaycan tamaşaçısına "d'Artanyan və üç muşketyor" filmindən d'Artanyan, "Ana" filmindən Canavar obrazı ilə daha çox tanışdır. M.Boyarski “The Beatles” qrupunun fanatıdır. Cavanlığında alkoqolizmdən əziyyət çəkən aktyor 35 yaşında mədəaltı vəzin iltihabı diaqnozu ilə ölüm yatağına düşür, lakin həkimlər onu xilas edə bilirlər. 1994-cü ildən kəskin diabet xəstəsidir. Oğlu Sergey Boyarski (24.01.1980) teatr və kino aktyorudur. Dövlət Dumasının deputatıdır. Qızı Yelizaveta Boyarskaya (20.12.1985) teatr və kino aktrisasıdır. Mixail Boyarskinin üç nəvəsi var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mixail_Boyarski