Muxtar Maniyev

Muxtar Maniyev

Aktyor

BİOQRAFİYA
Muxtar Qəmbər oğlu Maniyev 1935-ci ildə Bakıda (Azərbaycan) doğulub. İlk təhsilini şəhərin 199 saylı məktəbində alıb. Uşaqlıq illərində aktyor olmaq həvəsi yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar Maniyev çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib. "İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtar Maniyevin qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanır ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir. Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar Maniyev əvəzsiz xidmətlər göstərib. O, uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib.
Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşir və səhər saatlarında dünyasını dəyişir. Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Muxtar_Maniyev

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç