Kris Penn
Aktyor
Kris Penn 10 oktyabr 1965-ci ildə Los Ancelesdə (Kaliforniya, ABŞ) anadan olub. Onun tam adı Kristofer Şennon Penndir. Erkən yaşlarından aktyorluğa maraq göstərib, onun böyüyüb kinoulduz olacağına az adamın şübhəsi olub. Belə ki, valideynləri bilavasitə kinematoqrafiya sahəsində çalışıb. Atası Leo Penn rejissor və aktyor, anası Aylin Rayan aktrisa olub. Krisdə çox millətlərin qanları qarışıb. Babası və nənəsi ABŞ-a mühacirət etmiş Litva yəhudiləri olub. Ana tərəfi isə italiyan və irland əsillidir. Əcdadlarının soyadı Pinon olub. Kris böyük qardaşları - aktyor Şon Penn və Maykl Pennlə birlikdə incəsənət atmosferində böyüyüb. Məşhur aktyor Çarli Şinlə uşaqlıqdan bəri dostluq edib. 12 yaşında böyük ekranlarda debüt edib. Belə ki, “Charlie and the Talking Buzzard” filmində (1979) kiçik rol alıb. 1982-ci ildə Kris özünü teleserialda sınayıb, 1983-cü ildə isə ulduz aktyor heyəti (Nikolas Keyc, Mikki Rurk, Dayan Leyn və s) olan “Döyüş balığı” filminin çəkilişlərinə qatılıb. Dram olduqca uğurlu alınıb və “Qızıl Qlobus” mükafatına namizəd olub. Bundan başqa, rejissor Frensis Ford Koppoloya iki mükafat qazandırıb. Karyerasının vizit kartı 1992-ci Tarantinonun lentə aldığı “Quduz itlər” blokbasterində Yaxşı Oğlan Eddi rolu olub. Karyerası ərzində 70 film və seriala çəkilib. 24 yanvar 2006-cı ildə Sandens festivalında iştirakından bir gün sonra Santa-Monikadakı evində ölü tapılıb. Ölüm səbəbi haqqında məlumatlar ziddiyyətli olsa da, rəsmi versiyaya görə, kardiomiopatiyadan dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Penn