Salma Hayek
Aktrisa
Salma Valqarma Hayek Himenes-Pino 2 sentyabr 1966-cı ildə Meksikanın Koatsakoalkos şəhərində anadan olub. Anası meksikalı müğənni Diana Himenes, atası isə livanlı idi. 12 yaşı olanda dindar valideynləri Salmanı Luizianada (ABŞ) yerləşən qızlar üçün internat məktəbə yollayır. Sonra Salma 17 yaşına qədər Hyustonda xalası ilə yaşayır. Məktəbi bitirdikdən sonra Meksikaya qayıdır və Mexikoda İbero-Amerikan İnstitutunda beynəlxalq əlaqələr üzrə təhsil alır. Ancaq Salma təhsilini başa çatdırmır, çünki arzusu aktrisa olmaq idi. 23 yaşında Meksikada populyar olan “Tereza” (1989-1991) serialında ilk rolunu oynayır. Serialdakı rolu ilə Salma Meksikanın məşhur aktrisasına çevrilir. Mütəmadi olaraq yerli filmlərə dəvət alır və mükafatlar qazanır. 25 yaşında Hollivudu fəth etmək üçün Los-Ancelesə yollanır. Stella Adlerin məktəbində oxumağa başlayır. Rejissor Robert Rodrigeslə tanışlıqdan sonra aktrisanı Antonio Banderasla “Çarəsiz” filmində baş rola dəvət edir. Film Hayeki Hollivudda tanıdır. Ardınca Rodrigesin “Qürubdan şəfəqədək” filmində ilanla rəqs edən vampirlər kraliçasını oynayır. Hayek Rodrigesə o qədər minnətdar idi ki, hətta “Zorronun maskası” filmini Rodriges tərk etdiyinə görə baş roldan imtina edir. Salma başqa Hollivud filmlərində çəkilməyə davam edir: “Vəhşi, vəhşi qərb” (1999), “Fakültə” (1998). Onillik karyerası dövründə yetərincə filmə çəkilməklə bərabər, həmçinin filmlərin istehsalı ilə məşğul olan “Ventanarosa” adlı prodüser şirkəti yaradır. İlk prodüser layihəsi “Polkovnikə heç kim yazmır” filmi olur. Bu film Meksika tərəfindən "Oskar" mükafatına namizədlər siyahısına salınır. Aktrisa fransız milyonçu Fransua Anri Pino ilə ailə qurub və 41 yaşında ana olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Salma_Hayek