Nikolay Qoqol
Yazıçı
Nikolay Vasilyeviç Qoqol 19 mart 1809-cu ildə Malorusiyanın Poltava quberniyasında, Soroçi qəsəbəsində anadan olub. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından olub, xoş xasiyyət, eyş-işrət sevən bir şəxs imiş ki, vaxtının çoxunu kefdə keçirirmiş. Anası isə sadədil bir qadın imiş ki, hər sözə inanarmış, çox vaxt ibadətə məşğul olarmış və bəzi vaxtları da səbəbsiz kədərlənər, darıxarmış. Qoqolun təbiət və məzacında valideynin bu müxtəlif cəhət və əxlaqı müşahidə olunurdu. Belə ki, Qoqol gah şad və xürrəm olub, insanları şirin söhbətləri ilə valeh edərmiş, gah da adamlardan qaçıb, bir bucağa sonsuz qəmə mübtəla olub xəyal aləminə dalarmış. Qoqol on üç yaşına kimi atasının mülkündə dinc və rahat yaşayıb, kənd əhlinin dolanacağı ilə tanış olub. Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ənənə və adətlərini, əxlaq və ədəblərini mütəmadi müşahidə edib, sonralar gördüklərini bütünlüklə məharətlə yazıb, özünün həqiqəti yazan bir ədibi-kamil olduğunu aşkar etmişdi. Qoqol 13 yaşına çatanda təlim üçün Nejin gimnaziyasına yazılır. Burada Qoqol istək və rəğbətini ədəbiyyata salıb, təlim işlərinə elədə şövq və həvəs göstərmir; 1828-ci ildə bir növ gimn 90 aziyanı qurtarıb qulluq etmək şövqünə düşür və bu niyyətlə Peterburq şəhərinə yollanır. Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir iş tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan istifadə edir. Puşkinin ona təsiri çox olur. Onun əvvəlinci əsərlərinə diqqət yetirib təqdir edir və gələcəkdə Qoqolun böyük və müqtədir bir ədib olacağını bildirib, bununla onun təbinə tab və qələminə qüvvət verir. Puşkin ilə yaxın olduqdan sonra Qoqola sanki təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır. Rus ədiblərinin ən məşhurlarından birisi Qoqoldur. Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olub. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, fransızların, ingilislərin və almanların ədəbiyyatı təsirindən xilas olmağa başlayıb. Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin güzgüsü edib, özlərindən sonra gələn üdəba və şüəraya sağlam bir məslək, düz bir yol açıblar. Qoqol həqiqəti yazan ədiblərin (realistlərin) babası və qabaqcıl örnəyidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nikolay_Qoqol