Denni Boyl
Rejissor, ssenarist, prodüser
Deniel Boyl 20 oktyabr 1956-cı ildə İngiltərənin Mançester şəhərində katolik ailəsində anadan olub. Yeniyetməlik illərində dini dərslərə gedib, valideynləri Denninin keşiş olmasını istəyib. Ancaq 13 yaşında olanda tanış keşişlərdən birinin məsləhətinə qulaq asaraq, ruhani olmaq fikrindən vaz keçib və seminariyaya daxil olmayıb. Uelsin Banqor Universitetinin məzunudur. Kinoya aparan yolu teatrdan keçib. Daha sonra televiziyada kifayət qədər uğurlu karyeraya başlayıb. Britaniyanın o vaxtlar populyar olan “Müfəttiş Mors” serialının iki epizoduna rejissorluq edib. Kinoda rejissor debütü “Dayaz qəbir” trilleri sayılır. Film tənqidçilərin rəğbətini qazanıb və kommersiya uğuru əldə edib. Növbəti tammetrajlı bədii filmi – “Damara işləyənlər” kriminal komediyası isə ona böyük şöhrət qazandırıb. Həmin uğurlu layihədən bir müddət sonra ona Leonardo Di Kaprionun ulduzunun yenicə parlamağa başladığı dönəmdə “Çimərlik” macəra-trillerini çəkməyi həvalə edirlər (Di Kaprio baş rola çəkilir). Kifayət qədər iri büdcəsinin olmasına baxmayaraq, film soyuq qarşılanır və az gəlir götürür. Boylun növbəti layihəsi kiçik büdcəli “28 gün sonra” qorxu filmi olur. Filmin gəlirləri büdcəsini 10 dəfə üstələyərək, Britaniya kinematoqrafiyasının kult kinosuna çevrilib. 28 gün sonra filmindən sonra “Milyonlar” kriminal komediyasını çəkib. Ardınca Killian Mörfi və Rouz Birnin baş rollara çəkildiyi “Gün işığı” fantastik trillerini lentə alıb. “Xarabalıqdan çıxmış Milyonçu” filmi ona ikinci dəfə dünya miqyasında populyarlıq gətirir. Həmin filmə görə 2008-ci ildə “Oskar” mükafatına layiq görülür. 2010-cu ildə real hadisələr əsasında “127 saat” dramını lentə alır. 2012-ci ildə Londonda keçirilən yay olimpiya oyunlarının açılış mərasiminin quruluşçu rejissoru olub. Dünyada “Damara işləyənlər” filminin rejissoru kimi məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Danny_Boyle