Selin Sallett
Aktrisa
Selin Sallett 25 aprel 1980-ci ildə Fransanın Bordo şəhərində anadan olub. 2006-cı ildə Parisdə fəaliyyət göstərən “CNSAD” Milli Konservatoriyasının diplomunu alıb. Bundan başqa Bordo-Monten Universitetində oxuyub, Jorj Biqo kimi nüfuzlu müəllimi olub. Konservatoriyaya daxil olmazdan əvvəl “Petit Théâtre de Pain” teatr səhnəsində çıxışlar edib (“Otello” və “Yay gecəsində yuxu” pyeslərində) 2002-ci ildə fransalı rejissor və ssenarist Ariana Mnuşkinanın rəhbərliyi altında keçən kurslarda iştirak edib. Konservatoriyada oxuduğu illərdə kinoda ilk rolunu oynayıb: Fillip Qarrelin 2004-cü ildə ekranlara çıxan “Əbədi məşuqlar” filminə çəkilib. Çəkiliş meydançasını Lui Qarrel, Klotilda Esme, Jülyen Lukas və digər fransız aktyorlarla bölüşüb. Bir ildən sonra Kirsten Danst və Ceyson Şvarsmanla birlikdə rejissor Sofiya Koppolanın “Mariya-Antuannett” bioqrafik dramında rol alıb. 2006-cı ildə Selin “Qatillər” kriminal dramında baş rolu ifa edib. Həmin filmdə eyni zamanda ilk dəfə olaraq özünü ssenarist ampluasında sınayıb. 2000-ci illərdə aktrisa bir sıra seriallara və filmlərə çəkilib (“Novella Qi De Mopassan”, “Ölüm otağı”, “Fiqaro”, “Böyük Alibi”, “Hakimiyyət məktəbi”, “Böyük Həyat” və s.). Hal-hazırda da Sallett aktiv şəkildə film və serial çəkilişlərində iştirak edir. Son illər “Atəşkəs”, “Fransız Tranziti”, “Suanmi” kimi filmlərdə mərkəzi rolları oynayıb. Kino və televiziya layihələri ilə yanaşı teatr səhnəsinə də çıxır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/sallette-cline-6467.phtml