Marlon Brando
Aktyor
Marlon Brando 3 aprel 1924-cü ildə Nebraska ştatının Omaha şəhərində (ABŞ) anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır. 1937-ci ildə valideynləri barışır və yenidən İllinoysa qayıdırlar. Onun valideynləri əsasən irland və fransız mənşəlidirlər. Anası Dodi Brando tez-tez sərxoş olur, o vaxtlar qadın üçün qeyri-adi hal hesab edilən şalvar geyir və maşın sürürdü. Lakin onun aktyorluq qabiliyyəti var idi və hətta əfsanəvi aktyor Henri Fondaya aktyor olmaqda yardımçı olmuşdu. Marlonda da aktyor olmağa maraq oyatmışdı. Dəhlizdə motosiklet sürdüyündən Marlonu "Libertville" ali məktəbindən kənarlaşdırırlar və o "Shattuck" hərbi məktəbinə daxil olur. O, fəaliyyətə Nyu-Yorkda, yay teatrında başlamışdı. Lakin onun davranışı teatrdan uzaqlaşma ilə nəticələndi. Bu teatrdakı bir tamaşa zamanı onun oyunu təşkilatçıların çox xoşuna gəldi və onu "Broadway" teatrına dəvət etdilər. Marlon 1944-cü ildə "Mən anamı xatırlayıram" dramı ilə bu teatrda debüt etdi. Brando 1947-ci ildə Tennesi Uilliamsın "Arzu adlı Tramvay" (A Streetcar Named Desire) adlı əsəri əsasında eyniadlı tamaşada oynadığı Stenli Kovalski obrazı ilə böyük uğur əldə etdi. Tamaşanın rejissoru Elia Kazan idi. Onun aktyor oyunu amerika kinosuna yeni nəfəs gətirdi. Brando kino debütünü 1950-ci ildə "The Men"(Kişilər) filmində etdi. Hal-hazırda film o qədər uğurlu hesab edilməsə də, Marlon Brandonun ilk filmi kimi tarixə düşüb. 1951-ci ildə "Arzu adlı Tramvay" ekranlaşdırıldı. Elia Kazanın rejissorluğu ilə baş rolları Marlon Brando və Vivyen Li ifa edirdilər. Filmə görə Brando "Ən Yaxşı Aktyor" kateqoriyasında ilk Oskar nominasiyasını qazandı. Ardıcıl üç il ərzində Brando "Viva Zapata!" (1952), "Julius Caesar" (1953) və "On the Waterfront" (Limanda) (1954) filmlərinə görə də "Oskar"a namizəd oldu və sonuncuya görə mükafatı qazandı. O, 1951-53-cü illərdə ardıcıl olaraq üç BAFTA mükafatı da qazandı. 1953-cü ildə "The Wild One" (Vəhşi) filmi ekranlara çıxdı. Filmdə Brando şəxsi "Triumph Thunderbird 6T" markalı motosikletindən istifadə etmişdi. Bu filmdən sonra motosikletçilər (baykerlər) hərəkatı başlandı. Bu obrazdan bəhrələnən Elvis Preslinin timsalında "rock 'n' roll" musiqisi inkişaf etməyə başladı. Kinoda isə Ceyms Din əsasən bu tipli obrazlar yaratmağa çalışırdı. Brandonun bu filmdəki obrazı "Madam Tüssonun Mum Fiqurlar Muzeyi"ndə əks etdirilib. 1957-ci ildə "Sayonara" filminə görə o, 5-ci "Oskar" nominasiyasını qazandı. 1970-ci illərin əvvəllərində Frensis Ford Koppola Mario Pyuzonun "Xaç atası" əsəri əsasında eyniadlı filmin çəkilişlərinə başladı. Don Vito Karleone roluna isə sənətinin vurğunu olduğu Marlon Brandonu dəvət etdi. M.Puzo da qeyd edirdi ki, əsəri yazarkən Karleoneni Brandonun obrazında təsəvvür etmişdi. 1972-ci ildə ekranlara çıxan film Brandonun yüksək səviyyəli aktyor oyunu nəticəsində böyük uğur əldə etdi. Film "Ən Yaxşı Film" kimi "Oskar" aldı, Marlon Brando da öz növbəsində "Ən Yaxşı Aktyor" "Oskar"ını qazandı. Lakin o mərasimdə iştirak etmirdi və öz yerinə özünü hindu (apaçi) əsilli qadın kimi təqdim edən Sakin Litlfezeri göndərmişdi. Sakin səhnəyə çıxdı və amerika hökumətinin yerli hindulara qarşı ayrı-seçkiliyini əsas gətirərək "Oskar"dan imtina etdi. Marlon Brandonun çəki ilə bağlı problemləri var idi. O, tez-tez yaxın dostu, Maykl Ceksonun "Neverland" rançosuna gedir və orada istirahət edirdi. 2001-ci ildə isə onun "You Rock My World" mahnısına çəkilən klipdə göründü. O, 2004-cü ildə 80 yaşında, ağ ciyər fibrozu nəticəsində yaranan tənəffüs çətinliyi səbəbindən vəfat etdi. O kremasiya edildi, qalıqlarının bir hissəsi Taiti, digər hissəsi Ölüm Vadisinə dağıdıldı. Marlon Brando "Anamın mənə oxuduğu mahnılar" adlı avtobioqrafiyasında qeyd edir ki, məclislərin birində Merilin Monro ilə tanış olmuşdu. O, pianoda ifa edirdi. Aktyor bildirir ki, onlar arasında qısa sevgi münasibətləri olmuşdu. 1957-ci ildə Anna Kaşfi adlı aktrisa ilə evləndi. 1959-cu ildə oğlu Kristian Brando dünyaya gəldikdən sonra cütlük ayrıldı. 1960-cı ildə Brando özündən altı yaş böyük olan aktrisa Movita Kastanada adlı aktrisa ilə ailə həyatı qurdu və evlilik iki il sürdü. Birlikdə iki uşağa sahib oldular. 1962-ci ildə isə 20 yaşlı Tarita Teripiya adlı qadınla evləndi və onların iki uşağı oldu. Evlilik 1972-ci ildə ayrılıqla nəticələndi. Son evliliyi isə Maria Kristina Ruislə oldu. Onlar birlikdə üç uşağa sahib oldular. Beləliklə, Brando on bir uşağa sahib idi. Bunlardan üçü övladlığa götürülmüşdü. Marlon Brando bütün dövrlərin ən yaxşı aktyorlarından biri kimi kino tarixində özünə yer tutub. Hollivud Şöhrət Xiyabanında ulduza malikdir. Karyerası ərzində 8 "Oskar", 7 BAFTA, 6 "Qızıl Qlobus"a nominant olan Brando Amerika Film İnstitutunun (AFİ) bütün dövrlərin "100 ən yaxşı aktyor"u siyahısında 4-cü yerə layiq görüldü. "Time" jurnalı onu 20-ci əsrin ən dahi adamlarından biri seçdi. Ondan sonra incəsənətə gələn yüzlərlə aktyor və musiqiçi onu əsas ideal kimi qələmə veriblər. Onlar arasında Ceyms Din, Elvis Presli, Cek Nikolson, Al Paçino, Robert De Niro, Uorren Bitti, Ömər Şərif, Conni Depp və başqaları var. Onun məşhurlaşmasında Elia Kazanın çəkdiyi "Arzu" tramvayı" filmində Stenli Kovalski obrazı və canlandırdığı Terri Malloy roluna görə Oskar mükafatına layiq görüldüyü "Sahil xətti" böyük rol oynayıb. Aktyorun sənət karyerasının zirvəsində Frensis Ford Koppolanın rejissoru olduğu "Xaç atası" filmində yenə də Oskarla təltif olunduğu Vito Korleone rolunun ifası dayanır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Marlon_Brando