Eldar Ryazanov
Rejissor, ssenarist, prodüser
Eldar Aleksandroviç Ryazanov 18 noyabr 1927-ci ildə Samarada (Rusiya) Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində dünyaya gəlib. Tezliklə ailə Moskvaya köçür. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur. Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa Dəniz Məktəbinə ərizə göndərmişdi. Çox keçmədən Eldar Ryazanov təsadüfən bir dostunun məsləhəti ilə ÜDKİ-na daxil olur. O, məşhur Qriqori Kozintsevin emalatxanasında təcrübə keçirdi. Oradakı pedaqoqlar arasında həm də Ryazanova böyük ümidlər bəsləyən Sergey Eyzenşteyn idi. 1950-ci ildə oranı bitirən Eldar kurs yoldaşı ilə birgə ilk sənədli filmini çəkir. Uğur qazanan bu filmdən sonra gənc rejissorlar diploma yiyələnirlər. Eldar Ryazanov düz 5 il sənədli kinoda çalışıb. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər çəkir. 1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru olur. O, Sergey Qurovla birlikdə ilk sovet genişekranlı film-revyusunu çəkir. "Bahar səsləri" adlanan filmə eyni zamanda bədii epizodlar da daxil edilib. Bir il sonra tanınmış komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona dörd dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir. E.Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir. 1961-ci ildə isə birdən-birə iki satirik lent çəkir. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilmişdi. Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi. Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alır. Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafiyasını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Lakin bundan başqa Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olub. Bundan başqa, onunla birgə televiziyada 200 müəllif proqramı hazırlanıb. 2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilir. 23 yanvar 2005-ci ildə Eldar Ryazanovun kinoklubu açılıb. 2010-cu ildə Kino İttifaqının (rus. КиноСоюз) təsisçilərindən biri olub. 2015-ci ilin noyabrın 30-na keçən gecə Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Eldar_Ryazanov