Kim Besinger
Aktrisa
Kimila Enn (Kim) Besinger 8 dekabr 1953-cü ildə Corciya ştatının Atens şəhərində anadan olub. Özündən böyük iki qardaşı, özündən kiçik iki bacısı var. Atası maliyyə müşaviri, anası model olub. 17 yaşında olanda gənc Besinger ştatda keçirilən “Miss Corciya” gözəllik müsabiqəsinin qalibi olub. Nəticədə model karyerasına başlamaq üçün Nyu-Yorka köçüb. 1970-ci illərdə amerikanın ən populyar modellərindən olub, onlarla jurnalın üz qabığında görüntülənib. Model fəaliyyətini davam etdirdiyi vaxtda eyni zamanda Neighborhood Playhouse teatr məktəbinin dərslərinə gedib, klublarda ifaçılıqla məşğul olub. Kinoda debütünü “Cazibə portreti” filmində gerçəkləşdirib. 1981-ci ildə “Çətin ölkə” filminin çəkilişlərində rəssam-qrim ustası Ron Brittonla tanış olub. Münasibətlərin daha ciddi şəkil almasından sonra evlənmək qərarına gəliblər. Ancaq film prokatlarda uğursuzluqla üzləşib və yeni başlayan aktrisaya hər hansı dəvətlər gəlməyib. Nəticədə peşəsini dəyişmək barədə düşünüb. Lakin “Playboy” jurnalında dərc olunan fotosessiyasından sonra müxtəlif təkliflər gəlməyə başlayıb. 1983-cü ildə “Bondiana” silsiləsindən olan “Heç vaxt heç vaxt demə” filminə çəkilib. Bundan sonra “Qadınları sevən kişi”, “Nadin”, “Kor-koranə görüş” kimi romantik komediyalarda rol alıb. İştirak etdiyi növbəti layihə - “Doqquz həftə yarım” adlı erotik filmi daha uğurlu olur. “Evlənmək vərdişi” filminin çəkilişlərində birlikdə baş rola çəkildiyi Alek Bolduinlə eşq macərası yaşayıb. Sevgi münasibətləri 1993-cü ildə nikahın rəsmiləşməsi ilə nəticələnib. 1995-ci ildə Ayrlend adlı qızları dünyaya gəlib. Ana olduqdan sonra onun karyerasında qısamüddətli fasilə yaranır. 1993-cü ildə "Main Line Pictures" şirkəti kontrakt üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Besingerdən 8,9 milyon dollar təzminatın alınması ilə bağlı məhkəməyə iddia qaldırıb. Nəticədə Kim iflas elan edib, və apelyasiya şikayətindən sonra tərəflər iddia məbləğini 3,8 milyon dollara azaltmağa razılaşıblar. 1997-ci ildə Besinger “Los-Anceles sirrləri” filmində fahişə rolunu oynayıb. Həmin rol ona ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Oskar” və “Qızıl Qlobus mükafatları qazandırıb. 2000-ci ildə Besinger əri Alek Bolduinlə ayrılıb. 2 ildən sonra rəsmi olaraq boşanıblar. 2015-ci ildə aktrisa “Çarli Klaudun həyatı və ölümü “ filminə çəkilib. 2016-cı ildə onun iştirakı ilə “Canlaradəyən oğlanlar” filmi böyük ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B9%D1%81%D0%B8%D0%BD%D0%B3%D0%B5%D1%80,_%D0%9A%D0%B8%D0%BC