Con Abraham
Aktyor
Con Abraham 17 dekabr 1972-ci ildə Bombeydə (Hindistan) anadan olub. Atası malayal xalqının nümayəndəsi olan memar, anası isə iran əsilli parsidir. Con Abraham Cai Hinda kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə edib. 1999-cu ildə kişilər arasında keçirilən "Gladrags Manhunt Contest" adlı gözəllik müsabiqəsində birinci yerə çıxıb. Daha sonra "Manhunt International" beynəlxalq gözəllik müsabiqəsində ölkəsini təmsil edib. Fillippində keçirilən müsabiqədə 2-ci yeri tutub. Model karyerasına pəncablı müğənni “Jazzy B”nin klipinə çəkilməklə başlayıb. Kinoda debütünü 2003-cü ildə “Arzuların məkrli tərəfi” filmində gerçəkləşdirib. Oynadığı rola görə "Ən yaxşı kişi rolu" nominasiyasında "Filmfare" kino mükafatına namizəd olub. 2006-cı ildə “Keçmişin əsiri”, “9211 nömrəli taksi”, “Ata” və “Kabil ekspressi” filmlərinə çəkilib. Onlardan ikisi kommersiya baxımından uğurlu olub. 2012-ci ildə ilk dəfə olaraq kinoda prodüser funksiyalarını yerinə yetirib (“Viki-Donor” filmində). Növbəti il çəkildiyi “Vadalda atışma” filmində kriminal avtoritet rolunu oynayıb. Film tənqidçilərinin müsbət rəyini qazanaraq, superhitə çevrilib. Elə həmin il onun iştirakı ilə çəkilmiş “Kafe Mədrəs” filmi böyük ekranlara yol tapıb. Film Şri-Lankada gedən vətəndaş müharibəsinə müdaxilə etmiş mayordan bəhs edir. İştirak etdiyi növbəti kinolayihələr “Yaraşıqlı Rokki”, “Atəş” və “Xüsusi şöbə - Fors 2” filmləri olub. Aktyor “Arzuların məkrli tərəfi” filminin çəkilişlərində Bipaşey Basu ilə tanış olub. Onlar 2011-ci ilə kimi vətəndaş nikahında olublar. 2014-cü ildə maliyyə analitiki və investisiya bankiri işləyən hind əsilli amerikalı Priya Runçalla ailə qurub. Con ateistdir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: