Şarmila Taqor
Aktrisa, prodüser
Şarmila Taqor 8 dekabr 1944-cü ildə Andhra-Pradeş ştatında benqal brahmanlarının ailəsində anadan olub. Tanınmış hindistanlı rəssam Qaqanendranat Taqorun nəvəsidir. Hər iki valideyni Taqorlar nəslindəndir, tanınmış şair və Nobel mükafatı laureatı Rabindranat Taqorun qohumları olublar. Şarmilanın 7 yaşı olanda valideynləri onu Kəlküttəyə, babasının yanına göndərib. Uşaqlığının böyük hissəsini orada keçirib. Həmin bölgədə Yepiskop İohann adına qızlar məktəbində ibtidai təhsil alıb. Kinoya çəkilməyə başladıqdan sonra direktor onun başqa məktəblilərə əxlaqi-davranış cəhətindən nüfuz etməməsi üçün məktəbdən çıxarıb. Sonradan Asansol şəhərindəki Loreto şəhər monastrında təhsilini davam etdirməli olub. Aktrisalıq karyerası ilə əlaqədar kolleci də yarımçıq atıb. Şəxsi həyatına gəlincə Şarmila 21-ci ad günü ərəfəsində Hindistanın kriket yığmasının sabiq kapitanı Mansur Əli Xana ərə gedib. Nikah mərasimi 27 dekabr 1969-cu ildə baş tutub. Aktrisa İslam dinini qəbul edərək, özünə Ayşə Sultan adını götürüb. Cütlüyün Saif Əli Xan (1970), Sabah Əli Xan (1976) və Soha Əli Xan adlı övladları dünyaya gəlib. Aktrisanın həyat yoldaşı 2011-ci ildə 70 yaşında dünyasını dəyişib. Onun ölümündən sonra Şarmila dostları və ailə üzvləri ilə birlikdə mərhum ərinin bioqrafik kitabının hazırlanması üzərində çalışıb. “Pataudi: Nawab of Cricket” adlı kitab 2013–cü ildə işıq üzü görüb. Karyerası ərzində 100-dən çox hind və benqal dilli filmə çəkilib. Hindistanın Milli Kino Mükafatının laureatıdır. Həmçinin ən yaxşı qadın roluna görə "Filmfare Awards" mükafatının sahibidir. Padma Bhuşan və Fransa ali İncəsənət və Ədəbiyyat ordeni sahibidir. 2004-2011-ci illərdə Hindistan Kino Komissiyasının kinosenzura üzrə sədri olub. 2009-cı ildə Kann kinofestivalında münsiflər heyətinin üzvü olub. 2005-ci ildə YUNİSEF-in xoşməramlı səfiri seçilib. Aktyor Saif Əli Xan və Aktrisa Sohi Əli Xanın anasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: