Ramil Qasımov
Qasımov Ramil Adıgözəl oğlu – “Mədəniyyət” kanalının Baş direktoru (2015), Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar Artisti (2015).
Azərbaycan vokal sənətinin tanınmış və istedadlı nümayəndələrindən olan Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. On bir yaşından başlayaraq Bakı Dövlət Uşaq Filarmolniyasının vokal şöbəsində xalq artisti Mobil Əhmədovdan, eyni zamanda paralel olaraq Niyazi adına 22 saylı musiqi məktəbinin xor-dirijor sinfində dərs almış, 2000-ci ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının hazırlıq kursunda təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünas ixtisası ilə bitirdikdən (2001-2005) sonra Ramil Qasımov Gürcüstan Respublikasında musiqi akademiyasını vokal magistri pilləsi üzrə təhsilini bitirmişdir. 1999-cü ildə Moskvada 86 ölkə vokalçısının təmsil olunduğu beynəlxalq müsabiqədə 2-ci yerə layiq görülmüşdür. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalçı kimi fəaliyyət göstərən istedadlı azərbaycanlı gənc 2012- ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir.
2000 ci ildən Ramil Qasımov, həmçinin Azərbaycan Televiziya və Radiosunda solist kimi fəaliyyət göstərmişdir. Onun repertuarı çox zəngindir. O, xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, İtalyan, İspan, Fransa, İngilis, Türk və Rus klassiklərinin əsərləri onun repertuarını zənginləşdirir, həm də opera janrında da böyük qabiliyyətə malik olduğunu ifaçılıq məharəti ilə təsdiq etmişdir.
2011-ci ildə F.Əlizadə və N.Paşayevanın “İntizar” və digər operalarda uğurla çıxış etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festifallarında, müsabiqələrdə vətəndaşı olduğu Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir. Ramil Qasımov Azərbaycan musiqi tarixinə dahi Ü.Hacıbəylinin «Koroğlu» operasının Şərqin ən gənc Koroğlusu kimi tarixə düşmüşdür. O, 26 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş «Koroğlu» əsərində baş qəhrəmanın rolunu uğurla, özünəməxsus fitri istedadla ifa etmiş və tamaşaçıların sevimlisinə çevrilmişdir.
Ramil Qasımov ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru kimi vəzifəsinin öhdəsindən layiqincə gəlir.
14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
4 noyabr 2015-ci ildə "Mədəniyyət” kanalının Baş direktoru təyin edilmişdir.
6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.