Sonya Braqa
Aktrisa
Soniya Braqa – braziliyalı aktrisadır. Üç dəfə “Qızıl Qlobus” mükafatı nominantı olub. 1969-cu ildə “Saçlar” (Hair) tamaşasının Braziliya versiyasında debütünə qədər katibə və qeydiyyatçı işləyib. 1970-ci ildən etibarən televiziya və kino filmlərinə və seriallara çəkilməyə başlayıb. “Qlobu” telekanalının “Kefli qardaşlar” serialında ilk rolunu oynayıb. 1972-ci ildə “Sezam küçəsi” uşaq proqramının Braziliya versiyasında çıxış edib. Braziliyada 1975-ci ildə Jorj Amadunun romanının motivləri əsasında rejissor Valter Avançininin çəkdiyi “Qabriela” serialında baş rolu ifa etməsindən sonra populyarlaşıb. 1983-cü ildə rejissor Brunu Barretu həmin serialın kinoversiyasını ərsəyə gətirsə də, ekran əsəri teleserialın uğurunu təkrarlamayıb. Amerikan kinokaryerasına 1985-ci ildə qədəm qoyub. Aktrisa rejissor Ektor Babenkonun “Hörümçək qadının öpüşü” filmində üç fərqli rol oynayıb. ABŞ-da çəkildiyi əlamətdar filmləri arasında “Milaqro tarlasında döyüş” (1988), “Naşı” (1990), “Mələyin gözləri” filmlərini sadalamaq olar. 2001-ci ildə “Böyük şəhərdə seks” teleserialında Samanta Consun lezbiyan rəfiqəsi Mariya rolunu oynayıb. 2006-cı ildə “Həyatın səhifələri “adlı Braziliya serialına çəkilib. Bir il sonra “Məyus ev qadınları” serialının Braziliya versiyasına dəvət alıb. Çəkilişlərdən sonra ABŞ-a geri dönüb. Sonya Braqa heç vaxt ərdə olmayıb. Robert Redford, Klint İstvud, Şika Buarki, Pele, Patrik Metini kimi ulduzlarla eşq macərası yaşayıb. Qardaşı və bacıları Braziliya aktyorlarıdır. “Mən əfsanəyəm” filmində məşhurlaşan Alisa Braqanın doğma bibisidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/S%C3%B4nia_Braga