Hüsniyyə Mürvətova
Hüsniyyə Vaqif qızı Mürvətova — Azərbaycan teatr, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti (2002).
Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışıb. Rafiq Səməndərovun "Dərs" adlı əsəri əsasında hazırlanan tamaşada baş rolun ifası ona tapşırılıb.
Heç bir teatr təhsili görməmiş gənc aktrisa Sevda obrazını rejissorun gözlədiyindən də yüksək səviyyədə ifa edib. "Şah İsmayıl", "Ölülər", "Dünyaxanım ev axtarır" tamaşalarında ifa etdiyi obrazlar onun gələcəkdə peşəkar aktrisa kimi yetişəcəyindən xəbər verirdi. Hüsniyyə Mürvətova 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə müvəffəqiyyətlə oranı bitirmişdir.
1994-cü ildən "İlham" miniatür teatrında çalışan Hüsniyyə Mürvətova 1997-ci ildən taleyini həmişəlik Bakı Bələdiyyə Teatrı ilə bağlayır. Hüsniyyə O.Altunbayın "Tomris" tamaşasında- Tomris, N.Nərimanovun "Nadir şah"- Gülcahan, R.İçərişəhərli "Vətənə igidlər gərəkdir"- Əsmər, A.Məmmədovun "Dəli Domrul"- Banı, H.Fətullayev "Ağ və qara"- Qız, Əmir Pəhləvan "İnsan və İblis"- Şükriyyə, Sofoklun "Elektra" tamaşasında- Elektra, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə – Ümmi İshaq, C.Cabbarlının "Dönüş"ündə Gülsabah, A. Qurbaninin "Türk sancağı"nda- Yasəmən, H.Cavidin "İblis"ində- İblis rolları aktrisaya şöhrət gətirmiş və Bakı Bələdiyyə Teatrının aparıcı aktrisalar cərgəsində layiqli yer tutmuşdur. Gənc aktrisa "Anamın kitabı" və "Qırmızı qar" televiziya tamaşalarında uğurlu oyun nümayiş etdirərək, minlərlə televiziya tamaşaçısının da məhəbbətini qazanmışdır.
Onun əməyi hökumətimiz tərəfindən layiqincə qiymətləndirilmiş və Hüsniyyə Mürvətova 2002-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.