Con Ritter
Aktyor
Conatan Sautvort Ritter 17 sentyabr 1948-ci ildə Kaliforniya ştatının Byorbanke şəhərində anadan olub. Atası müğənni və aktyor Teks Ritter, anası aktrisa Doroti Fey olub. Conun Tomas Metyu adında qardaşı olub, serebral iflicdən əziyyət çəkib. Uşaqlığından Con atası ilə səhnəyə çıxmağa başlayıb. Con Hollivud orta məktəbində oxuyub. Həmin məktəbdə şagird şurasının prezidenti olub. 1965-ci ildə Con məktəbi bitirdikdən sonra televiziyada debütünü edib. 1966-cı ildə “The Dating Game” şousunda iştirak edib. Şouda seçilərək Arizona ştatının Leyk- Havasu–Siti kurort şəhərində yay tətili qazanıb. Daha sonra Con Cənubi Kaliforniya universitetinə daxil olub. Psixologiya və memarlıq ixtisasları üzrə dərəcə alıb. Paralel olaraq Nina Foksun aktyorluq sənəti üzrə dərslərində iştirak edib. Komediya emalatxanasında isə Stella Adlerdən dərs alıb. İncəsənət üzrə bakalavr dərəcəsini alana qədər 1968-1969-cu illərdə İngiltərə, Şotlandiya, Hollandiya və Almaniya kimi ölkələrə qastrol səfərləri edərək, müxtəlif tamaşalarda səhnəyə çıxıb. İş elə gətirib ki, ona başlıca olaraq komediya rolları nəsib olub. Aktyor özü isə drammatik personajları canlandırmağı sevib.“Çətin uşaq” və “Çətin uşaq 2” komediya filmlərində oynadığı rolla yaddaşlarda qalıb. 1977-ci ildə Ritter aktrisa Nensi Morqanla ailə qurub. Həmin nikahdan 3 övladı var. Cütlük 1996-cı ildə rəsmi olaraq boşanıb. 1999-cu ildə Ritter “Çətin uşaq” filminin çəkilişlərində tanış olduğu aktrisa Emi Yasbeklə evlənib. 11 sentyabr 2003-cü ildə Conun halı qəflətən pisləşib. “Yeniyetmə qızımın sevgilisi üçün 8 sadə qayda” serialının çəkilişi zamanı ürəyində ağrılar başlayıb. Bir neçə dəqiqə ərzində huşunu itirərək, komaya düşüb. St.Cozef adına Tibb Mərkəzinə çatdırılsa da, həmin gecə anadangəlmə ürək qüsurunun fəsadlaşmasının səbəb olduğu aorta parçalanmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Ritter