Mithun Çakraborti
Aktyor
Mithun Çakraborti 16 iyun 1950-ci ildə anadan olub (Barisal, Şərqi Pakistan). 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və ya həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bombeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir gün aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqədən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mithun Çakraborti Kino İnstitutunu qızıl medalla başa vurur. İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gələn Mithun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qazanır. Milli kinofestivalda Çakraborti ölkənin "Ən yaxşı kino aktyoru" adına layiq görülür. 1982-ci ildə onun baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanır. Həmin film keçmiş SSRİ-də, xüsusilə Azərbaycanda fantastik şöhrət qazanmışdı. Film sovet prokatına 60 milyon rubl gəlir gətirmişdi. Mithun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi. Onun yaratdığı “Cimi” obrazı həddindən çox sevilir. Mithun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir. 80-ci illərin sonuna qədər Mithun Çakraborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mithun Çakrabortinin populyarlığı zəifləyir. Bu illərdə o, daha çox mənfi rollarda çəkilməyə başlayır. Mithun Çakraborti hind aktrisası Yogita Bali ilə evlidir. Onların üç oğlu, bir qızları var. Bir oğlu, Mimoh ailənin kino karyerasını davam etdirir. Son illər Mithun Çakraborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mithun_%C3%87akraborti