Ramaa Mozli
Rejissor, ssenarist, prodüser
Ramaa Mozli – amerikalı rejissordur. Artıq 16 yaşında olanda ilk filmini çəkib. Söhbət “Birlikdə vəziyyəti dəyişəcəyik” adlı qısametrajlı filmdən gedir. Filmdə qlobal istiləşmə problemindən danışılır. Ekran əsəri gənc rejissora Birləşmiş Millətlər Təşkilatının "Global 500 Award” mükafatını qazandırıb. Film ilk dəfə İsveçrədə keçirilən Cenevrə kinofestivalında nümayiş olunub. Həmin dönəmlərdə Vermontda kollecə daxil olur, kollecin divarları arasında teatr, ədəbiyyat və fotoqrafiya sənətinin incəliklərini öyrənir. Kolleci bitirdikdən sonra Aymar qəbiləsindən olan hindular haqqında sənədli film çəkmək üçün Boliviyaya yollanır. Həmin işin uğurundan sonra tez-tez müxtəlif kino və televiziya layihələrinə dəvət olunmağa başlayır. Mozli bir müddət reklam çarxları və musiqi kliplərinin yaradılması ilə də məşğul olub. “The B-52s”, "Brendan Brenson", "Creed" və "Five" kimi qruplar və müğənnilərlə əməkdaşlıq edib. 2007-ci ildən bəri hər il bir qısametrajlı filmi işıq üzü görür. “Xeyirxahlıq” adlı filmi (qısametrajlı) bir çox kinofestivallarda təmsil olunub və mükafatlandırılıb. 2012-ci ildə Ramaa Mozli “Bürünc çaydan” adlı ilk tammetrajlı bədii filmini çəkir. Film 2006-cı ildə çəkdiyi eyniadlı qısametrajlı filmin motivləri əsasında lentə alınıb. 2012-ci ilin sonunda, “Bürünc Çaydanın” postprodakşn işləri davam etdiyi vaxtda, Mozli Əfqanıstana səfər edib və “Qızın yüksəlişi” sənədli mini-serialının bir neçə epizodunu çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: