Yan Kunen
Rejissor, ssenarist, aktyor, prodüser, operator
Yan Kunen 2 may 1964-cü ildə Niderlandın Utrext şəhərində dünyaya göz açıb. Fransanın Nitsa şəhərinin Dekorativ İncəsənət İnstitutunda kino çəkməyi və animasıya yaratmağı öyrənib, incəsənət üzrə ali təhsil alıb. 1988-ci ildə 8mm lentdə “Soft, 16 mm lentdə isə “Sarı ölüm” adlı qısametrajlı filmlərini ərsəyə gətirir. Həmin filmlərdə yüksək özünüifadə bacarığını ortaya qoyduğuna görə Fransa milli diplomu ilə təltif olunub. Təhsilini başa vurduqdan sonra operator və rejissor köməkçisi işləməyə başlayıb. Videokliplər və sənədli filmlərin çəkilişlərində iştirak edib. Yan Kunenon “Neft Cizel” adlı qısametrajlı filmi 1989-cu il Avoriaz kinofestivalında Qran-Pri mükafatına layiq görülüb. 1990-cı ildə Kunen bir neçə layihə üzərində işləri davam etdirir. Fransa, Almaniya, İngiltərənin bir sıra tanınmış brendləri, o cümlədən Nestle, Pejo, Adidas, Koka-Kola, Toyota, Tanq, Miko və sair şirkətlərin məhsulları üçün reklam çarxları çəkir. Elmer Fut Bit, Paulin İster kimi müğənnilər üçün video klip lentə alır. 1991-ci ildə Karlo Bautini ilə birlikdə “Vibroboy” filminə ssenari yazır. Klermon-Ferrane festivalında həmin film xüsusi mükafata layiq görülür. 1995-ci ildə Yan ilk tammetrajlı filmini – qalmaqallı “Doberman” kəskin süjetli kriminal dramını ərsəyə gətirir. Filmdə baş rollara Vinsen Kassel, Monika Belluçi kimi məşhurlar çəkilib. Rejissorun ən uğurlu işi yazıçı Frederik Beqdeberin qalmaqallı “99 frank” romanının eyniadlı ekranizasiyası sayılır. Filmdə reklam sektorunda çalışan şirkətlərin və texnoloqların insanların şüuru ilə manipulyasiya etmək üçün əl atdığı iyrənc metodlar ifşa olunur. Habelə tənqidçilərin fikrinə görə rejissor bəzi anlarda kino çərçivələrindən çıxaraq, faktları həddindən artıq şişirdir. Son rejissor işləri “Nümayiş” serialı (2018) və “Veyp dalğası” sənədli filmi (2016) sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%BD%D0%B5%D0%BD,_%D0%96%D0%B0%D0%BD