Əsgər Fərhadi

Əsgər Fərhadi

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Əsgər Fərhadi 7 may 1972-ci ildə İranın İsfahan əyalətinin Xomeynişəhr şəhərində dünyaya göz açıb. 1996-cı ildə Tehranın Tərbiət Modares Universitetini bitirib. Böyük kinoda debüt etməzdən əvvəl, 8mm və 16mm lentlərdə qısametrajlı filmlər çəkib. “İran İslam Respublikasının səsi” radiosunda çalışıb. Həmin dönəmlərdə İbrahim Hatəmiki ilə birlikdə “Alçaq yüksəklik” dramına ssenari yazıb. 2003-cü ildə ilk tammetrajlı filmini - “Tozda rəqs edən” adlı dramı ərsəyə gətirir. Film bir neçə nüfuzlu festivalda mükafat qazanır. Onun növbəti ekran əsəri olan “Möhtəşəm şəhər” filmi kommersiya baxımından o qədər də uğurlu olmasa da, birinci filmi kimi, müxtəlif festivallarda mükafata layiq görülüb. Rejissora şöhrət gətirən kinolayihələr “O Elli” və “Nadir və Siminin ayrılması” dramları sayılır. Birinciyə görə Fərhadi ən yaxşı rejissor işi kateqoriyasında “Gümüş ayı” mükafatının qalibi olub. “Nadir və Siminin ayrılması” filmi isə rejissora “Oskar” mükafatı və BAFTA nominasiyası qazandırıb. 2011-ci ildə Berlin Kinofestivalının direktoru Diter Kosslik Əsgər Fərhadinin 62-ci Berlin Beynəlxalq Kinofestivalının münsiflər heyətinin tərkibinə daxil edildiyini elan edib. 2013-cü ildə xarici dilli ilk filmini - “Keçmiş” adlı dramını lentə alıb. Həmin film 66-cı Kann Kinofestivalında nümayiş olunub və iki mükafat qazanıb (ən yaxşı qadın rolu və münsiflər heyətinin seçiminə görə). 2016-cı ildə isə “Kommivoyajor” filmi Kann Festivalında ən yaxşı ssenari və ən yaxşı kişi rolu (Şahab Hüseyni) nominasiyalarında mükafatlandırılıb. Film eyni zamanda “Qızıl Qlobus” nominasiyası qazanıb və Fərhadiyə ikinci “Oskar” mükafatını gətirib. Beləcə iki dəfə ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” qazanmış yeganə rejissor kimi tarixə düşüb. 2011-ci ildə “Qızıl ayı”, 2012-ci ildə “Qızıl Qlobus”, 2012 və 2017-ci illərdə “Oskar” mükafatı alıb. 2012-ci ildə BAFTA mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Asghar_Farhadi

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç