Robert Redford
Aktyor, rejissor, prodüser
Çarlz Robert Redford – kiçik 18 avqust 1936-cı ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində anadan olub. Onun atası süd satıçısı olub, daha sonra “Standart Oil” neft şirkətinə mühasib vəzifəsinə işə düzəlib. Kolorado Universitetinin məzunudur (1955). Universitetdə oxuduğu illərdə təhsil ocağının beysbol komandasında oynayıb. Çoxşaxəli idmançı olub və öz idmançı formasını uzun müddət saxlaya bilib. Məsələn kəskin süjetli “Sonuncu qala” (THe Last Castle, 2001) döyüş filmində həlledici epizodlardan birində ağır daş parçalarını özü daşıyıb. 2004-cü ildə isə rejissor Piter Yan Brüqqenin “Haqq-hesab” sosial psixoloji dramına dağdan aşma, leysan yağış altında təqib, palçıqda mübarizə və digər səhnələrdə kaskadyorsuz çəkilib. 1958-ci ildə Yuta ştatında yaşayan mormonlardan olan tələbə Lola Cin Van Vaqenenlə evlənib. Həyat yoldaşı onu spirtli içki asılılığından qurtarmaq və “pozğun” həyat tərzindən (rəssamlığı nəzərdə tutur) imtina etmək üçün böyük səy göstərib. Kolleci atdıqdan sonra gənc cütlük Nyu-Yorka köçüb. Ancaq orada da Redford rəssamlıqla məşğul olmağa davam edib və Pratt İnstitutunun tələbəsi olub. 1959-cu ildən müxtəlif teatr tamaşalarında, o cümlədən Brodvey tamaşalarında və əyləncə şoularında çıxış etməyə başlayıb. Kinoda ilk ciddi rolu Koreya müharibəsi haqqında “Döyüş meydanında ov” (1962) filmi olub. Həmin filmdə Robert Redford 38-ci paraleldə olan avanposta düşmüş gənc əsgər rolunu oynayıb. 1971-ci ildə “Sürətli Eniş” filmində oynadığı rola görə BAFTA mükafatı laureatı olub. Aktyor bir neçə dəfə “ən yaxşı dramatik aktyor” nominasiyasında “Oskar”a namizəd olsa da, mükafatı əlinə ala bilməyib. “Oskar” heykəlciyini rejissor olaraq 1981-ci ildə “Adi insanlar” filminə görə alıb. 2002-ci ildə isə çoxsaylı aktyor işləri və kinodakı nailiyyətlərinə görə fəxri “Oskar” mükafatı ilə təltif olunub. 1981-ci ildə “Sandens” müstəqil kino institutunu təsis edib. Hər il həmin institutun təşkilatçılığı ilə eyniadlı kinofestivalı keçirilir. 2016-cı ildə aktyor karyerasına son qoyduğunu elan edib və fəaliyyətini rejissor olaraq davam etdirəcəyini bildirib. “Sandens” müstəqil kino institutunun və eyniadlı kinofestivalın təsisçisidir. Debüt filmi ilə ən yaxşı rejissor işi nominasiyasında “Oskar” laureatı olub. Daha çox “Külçə” (1984), “Adi İnsanlar” (1980), “Buç Kessidi və Sandens Kid” (1969), “Prezidentin bütün əyanları” (1976) filmlərinə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Редфорд,_Роберт