Alise Braqa
Aktrisa, prodüser
Alise Braqa Moraeş 15 aprel 1983-cü ildə San-Paulu şəhərində (Braziliya) anadan olub. Anası aktrisa Anna Braqa uşaqlığından onu çəkiliş meydançalarına aparıb. Beləcə Alisedə aktyorluq sənətinə maraq oyanıb. O məktəb tamaşalarında iştirak etməyə başlayıb, daha sonra kommersiya radioverilişlərində çıxış edib. Kinoda debütünü 1998-ci ildə gerçəkləşdirib. 2002-ci ildə “Tanrının şəhəri” filmində Anjelika roluna çəkilməsi ona böyük şöhrət gətirir. Braziliyanın milli kino mükafatına namizəd olur. Beş il ərzində 10-dan çox filmə çəkilir. Alise tezliklə Hollivud prodüserlərinin də diqqətini cəlb edir. 2007-ci ildə “Mən – Əfsanəyəm” filminə Uill Smitlə birgə baş rola çəkilməsi ona böyük şöhrət qazandırıb. 2008-ci ildə Braqa Devit Memetin “Qırmızı kəmər” filmində rol alır. Daha sonra Rey Liotta və Harrison Fordun baş rollara çəkildiyi “Kəsişmə” (Crossing Over, 2009) filminin çəkilişlərinə qatılır. Digər kino işləri arasında “Aşağı şəhər” romantik dramı, “Kanalizasiyanın qoxusu” komediyası, “Bircə tanrı bilir” (2006) bədii filmini misal göstərmək olar. Sonuncu “Sandens” kinofestivalında nümayiş olunub. 2011-ci ildə Entoni Hopkinslə birlikdə “Ritual” filminə çəkilib. Filmdə qəzeti üçün məqalə yazmaq məqsədilə eksorsizm kurslarına yazılan jurnalist Ancelina Varqes rolunu oynayıb. Bundan başqa 2012-ci ildə “Yolda”, 2014-cü ildə “Üç dəfə öldür məni” filmlərinə çəkilir. 2016-cı ildə “Cənubun kraliçası” adlı kriminal seriala çəkilir. Serialda narkotacir qadın rolunu oynayır. Braqa sərbəst şəkildə portuqal, ispan və ingilis dillərində danışır. Kinoda daha çox “Mən - əfsanəyəm” (2007), “Yırtıcılar” (Predators, 2010), “Orqan təslimatçıları” (Repo Men, 2010), “Elizium” (2013) filmlərində oynadığı rollarla tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alice_Braga