Maykl Keyton-Cons şotlandiyalı kinorejissor və prodüserdir. Həm Britaniya həm də ABŞ-da fəaliyyət göstərir. 15 oktyabr 1957-ci ildə Şotlandiyanın Bruksburn şəhərində anadan olub. Daha çox “Qalmaqal”, “Çaqqal” və “Əsas instinkt 2” filmlərinin rejissoru kimi şöhrət qazanıb. Uşaqlığı doğma şəhəri Bruksburnda keçib. Qonşu Batqeyt şəhərində katolik məktəbə gedib. Ancaq 15 yaşında məktəbi atıb və ona attestat verilməyib. Təhsilini Londonun Milli Kino və Televiziya Məktəbində davam etdirib. Tələbə olduğu illərdə öz istedadı ilə BBC prodüserlərinin diqqətini cəlb edir və “Brond” adlı üç seriyalı strillerin ikinci rejissoru təyin olunur. Maykl Consun rejissor debütünü 1989-cu ildə həyata keçirib. Onun “Qalmaqal” adlı filmi real hadisələrə əsaslanır. Böyük Britaniyanın müdafiə naziri Con Profyumonun üzə çıxmış seks intriqasından bəhs edir. Açıq-saçıq səhnələri olan film ölkəsində mənfi rəy qazanır və nəticədə Maykl Cons ABŞ-a köçməyə qərar verir. Hollivuda gəldikdən sonra bir müddət özünə iş axtarıb. Daha sonra 1990-cı ildə “Memfis gözəli” hərbi dramını lentə alıb. 1991-ci ildə isə tam fərqli janra, komediyaya müraciət edərək “Hollivud həkimi” filmini çəkib. Daha sonra “Həmin oğlanın həyatı” (1993) psixoloji dramı, “Rob Roy” (1995) tarixi saqası, kəskin süjetli “Çaqqal” trilleri onu kommersiya uğurlu rejissora çevirir. Çəkdiyi “Əsas instinkt 2” filmi isə əksinə 70 milyon büdcəsi olduğu halda bu məbləğin yarısını belə toplaya bilməyib. Həmin film ən pis film, ən pis sikvel, ən pis ssenari, ən pis aktrisa nominasiyalarında “Qızıl Moruq” mükafatına layiq görülüb. Bundan sonra ona artıq iribüdcəli kino layihələri həvalə olunmayıb. Maykl Consun ilk həyat yoldaşı Beverli Keyton olub. Birgə qərara əsasən soyadlarını birləşdiriblər. Onların Deyzi adlı qızları var. Onunla boşandıqdan sonra Lora Vidermanla vətəndaş nikahına girib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Кейтон-Джонс,_Майкл