Mark Conson
Prodüser
Mark Conson 27 dekabr 1945-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda anadan olub. Rieltor vəzifəsində çalışan Doroti Kinq və hava yükdaşıma xidmətində çalışan Emeri Consonun ailəsində böyüyüb. 1971-ci ildə Virciniya Universitetinin məzunu olub. 1965-ci ildə kino karyerasına aktyor olaraq başlayıb. Rejissor Xose Luis Boraunun ispan dilli “Brendi” adlı televiziya serialında şerif müavini rolunda çıxış edib. Gəncliyinin 10 ilini İspaniyada keçirib, Frenklin Şafnerin “Nikolas və Aleksandra” və Devid Linin “Doktor Jivaqo” filmlərində epizodik rollara çəkilib. Kifayət qədər təcrübə topladıqdan sonra Avropanın “Ride and Kill” adlı vesternində və 1964-cü ilin “Nazik qırmızı xətt” hərbi dramında kiçik rollara dəvət alıb. Ali təhsilini Ayova Universitetində davam etdirib, kinematoqrafiya üzrə magistr pilləsinə yüksəldikdən sonra Nyu-Yorka köçüb. Orada "Rejissor Gildiyası" adlı hazırlıq proqramına yazılıb. Rejissor Pol Mazurskinin “Növbəti dayanacaq: Qrinviç kəndi” adlı avtobioqrafik dramı onun ilk işlərindən sayılır. Daha çox “Yağış Adam” (Rain Man, 1988), “Narniya Salnamələri: Aslan, sehrbaz və sehrli dolab” (2005), “Naşı” (Rookie, 2002) filmlərinin və “Çətinliklərə baş vurmuş” (Breaking Bad, 2008-2013) teleserialının prodüseri kimi tanınır. Karyerası ərzində ümumilikdə 68 televiziya/bədii film və seriala prodüserlik edib. Hazırda (2017-2018) “Çətinliklərə baş vurmuş” kriminal teledramının spinoff-u sayılan “Soula zəng vurun” serialına prodüserlik edir. 1988-ci ildə Dastin Hoffman və Tom Kruzun baş rollara çəkildiyi “Yağış Adam” bioqrafik dramının istehsalına görə “Oskar” mükafatına layiq görülüb. Dörd “Oskar” nominasiyasında qalib gələn film, eyni zamanda “Ən yaxşı film” kateqoriyasında “Qızıl Qlobus” mükafatı ilə təltif olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Johnson_(producer)