Selena Qomes

Selena Qomes

Aktrisa, müğənni, prodüser

BİOQRAFİYA

Selena Mari Qomes 22 iyul 1992-ci ildə ABŞ-ın Texas ştatının Qrand-Preyri şəhərində Amanda Don Kornett və Rikardo Coela Qomesin ailəsində dünyaya göz açıb. Selenanın atası meksikalıdır. Anası isə italiyan-ingilis əsillidir. Anası Selenanı 16 yaşında dünyaya gətirib. Selena adı ona eyniadlı populyar müğənninin şərəfinə verilib. 5 yaşında olanda valideynləri boşanıb. Teatr aktrisası olan anası qızını təkbaşına böyüdüb və artist fəaliyyətini seçərkən ondan ilhamlanıb. 2006-cı ildə anası Brayan Tifiyə ərə gedib. Həmin nikahdan Selenanın 2013-cü il təvəllüdlü anabir Qreysi Elliot Tifi, atasının növbəti nikahından isə atabir 2014-cü il təvəllüdlü Tori Qomes adlı bacısı var. 2010-cu ilin may ayında orta təhsilini evdə bitirməsi haqqında attestat alıb. 12 yaşında olanda barmağına “bakirəlik üzüyü” taxıb. Amerika ənənələrinə görə bu üzüyü taxan qızlar nikaha qədər cinsi əlaqədə olmayacaqlarına əhd edir. Ancaq 2011-ci ildə Qomes həmin üzüyü barmağından çıxarıb. 2008-2010-cu illərdə Nik Conasla görüşüb. Daha sonra Teylor Lotnerlə qısamüddətli eşq macərası olub. 2011-ci ildə Castin Biberlə öpüşməsini əks etdirən fotoların yayılmasından sonra Biberin radikal fanatlarından Selenanın Twitter hesabına ölüm təhdidləri gəlməyə başlayıb. 2012-ci ilin noyabr ayında Castin Biber və Selena Qomes rəsmi olaraq ayrıldıqlarını elan ediblər. Buna baxmayaraq bir həftə sonra yenidən birlikdə gözə dəyiblər. 2013-cü ilin yanvarında onlar sadəcə dost olduqlarını bildiriblər. Selena 2017-ci ildə The Weeknd təxəllüslü müğənni ilə eşq macərası yaşayıb. 2017-ci ilin noyabr ayında cütlük yollarını ayırıb. Bir neçə gündən sonra onun yenidən Castin Biberlə görüşməyi ilə bağlı xəbərlər yayılıb. “Veyverli sehrbazlar” teleserialında oynadığı Aleks Russo roluna görə dörd dəfə “Kids’ Choice Awards” (2009, 2010, 2011, 2012) və bir dəfə "ALMA Award" (2009) mükafatına layiq görülüb. 2009-cu ildə “Selena Gomez and the Scene” pop-rok qrupunun vokalisti olub. 2012-ci ildə kollektiv fəaliyyətini dayandırıb və Qomes solo karyerasına başlayıb. Yaradıcılığı ilə yanaşı humanitar fəaliyyətini də davam etdirir. 2009-cu ildə YUNİSEF-in xoşməramlı səfiri elan edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BC%D0%B5%D1%81,_%D0%A1%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç