Spayk Li
Rejissor, prodüser, aktyor, ssenarist, montajçı, operator
Şelton Cekson (Spayk Li) 20 mart 1957-ci ildə Atlanta şəhərində (Corciya ştatı, ABŞ) caz musiqiçisi və məktəb müəlliməsinin ailəsində anadan olub. 6 yaşında olarkən ailəsi Bruklinə köçür. Li “Muraus” (Morehouse College) kollecini bitirib və orada ilk, qısametrajlı filmini lentə alıb. 1982-ci ildə Nyu-York Universitetinin kino məktəbini bitirib. 1985-ci ildə Li “Ona bu mütləq lazımdır” filmi üzərində işləyir. 160 min dollar büdcəsi olan film iki həftə ərzində çəkilir. Film 1986-cı ildə böyük ekrana çıxır. ABŞ kinoteatrlarında 7 milyon dollar gəlir əldə edən film Kann festivalında mükafat alır. Daha sonra Spayk Li "Nike" şirkətindən reklam çəkmək təklifi alır. Bu uğurlardan sonra Li Hollivuda dəvət alır və 1988-cı ildə “Məktəb təəccübü” filmini çəkir. Bu kinostudiyada ilk dəfə qaradərili rejissor tərəfindən çəkilən film olur. Növbəti filmi “Necə lazımdır elə!” (1989) onu "Ən yaxşı ssenari" nominasiyasında “Oskar”, "Ən yaxşı ssenari" və "Ən yaxşı rejissor işi" nominasiyasında “Qızıl Qlobus” mükafatı sahibi edir. 1989-cu ildə Li şəxsi kino şirkətini təsis edir. Üç ildən sonra onun Denzel Vaşinqtonun baş rolda çəkildiyi “Malkolm İks” bioqrafik filmi böyük ekranlara çıxır. Aktyor "Ən yaxşı kişi rolu" nominasiyasında “Oskar” mükafatına layiq görülür. Film millətçi, qaradərili müsəlman lideri Malkolm İks haqqındadır. Onun əksər filmləri ABŞ-da irqi münaqişə mövzusundadır. Spayk Li İngiltərənin “Arsenal” futbol klubunun fanatıdır. 2019-cu ildə ("Qara klan üzvü" filminə görə) "Ən yaxşı adaptasiya olunmuş ssenari" kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Spike_Lee