Bruno Kule
Bəstəkar
Bruno Kule 13 yanvar 1954-cü ildə Parisdə anadan olub. Atası Vandey əyalətindəndir, anası iraq yəhudisidir. Uşaqlıq yaşlarından skripka və pianoda ifa etməyi bacarıb. Gələcəkdə klassik musiqi bəstəkarı olmağı planlaşdırıb. Habelə həyat elə gətirib ki, dostları onu kino musiqisi sahəsinə yönləndirib. Onun yaradıcılığına rejissor Fransua Reyşenbaxın böyük təsiri olub. Sonuncu 1977-ci ildə ondan “Mexico Magico” adlı sənədli filmə musiqi yazmağını istəyib. Layihənin uğurundan sonra Kuleyə müxtəlif studiyalardan təkliflər gəlib. İlk tammetrajlı filmi 1986-cı ildə ekranlara çıxan “Qadının sirri” filmi sayılır. 90-cı illərin sonlarına kimi bəstəkar başlıca olaraq televiziya filmləri və proqramları üçün mahnı və kompozisiyalar yazıb. Karyerasında dönüş nöqtəsi 1996-cı il sayıla bilər. Belə ki, həmin ildən rejissorlar Klod Nuricani və Mari Perenlə əməkdaşlığa başlayıb. Musiqinin böyük önəm kəsb etdiyi həşəratların həyatı haqqında “Mikrokosmos” sənədli filminin bəstəkarı olub. Film yaradıcı heyətə, o cümlədən, Kuleyə böyük uğur qazandırıb. Onu Fransanın ən tələb olunan kino bəstəkarlarından birinə çevirib. “Himalay”, “Quşlar”, “Genezis” sənədli filmlərinə yazdığı musiqi onun avtoritetini daha da artırıb. Ardınca Fransanın ən reytinqli filmlərindən olan “Vidok”, “Tutqun çaylar” , “Belfeqor – Luvrun kabusu”, “Bir dəfə Marseldə, “Məxfi agentlər” kimi filmlərə saundtreklər yazıb. Daha çox kinofilmlərə yazdığı saundtreklərlə məşhurlaşıb. Brünonun musiqi üslubu özünəməxsusdur və filmdən filmə dəyişir. Ancaq bəzi imzaları dəyişməz olaraq qalır. Bu operaya və uşaq xoruna üstünlük verməsi və müxtəlif xalqların musiqisindən incilər hasil edərək bəstələrinə harmonik şəkildə inteqrasiya edə bilməsidir. Bəstəkar evlidir, iki oğul atasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%BB%D0%B5,_%D0%91%D1%80%D1%8E%D0%BD%D0%BE