Brüs Robinson
Rejissor, aktyor, ssenarist, yazıçı
Brüs Robinson – britaniyalı kinorejissor, aktyor, ssenarist və yazıçıdır. “Uitneyl və Mən” adlı kult qara komediya tamaşasının quruluşçu rejissorudur. Rejissorluqdan əvvəl rejissor Franko Zeffirellinin “Romeo və Cülyetta” dramında Benvolio rolu ilə məşhurlaşıb. Həmçinin Rejissor Rolan Joffenin “Ölüm meydanı” hərbi dramının ssenari müəllifidir. Həmin ssenariyə görə Robinson BAFTA mükafatına layiq görülüb, “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizədlik əldə edib. Beş bədii və avtobioqrafik kitabın müəllifidir. Onlardan biri – “Camaşırxanada paranoyya” əsəri əsasında 2012-ci ildə “İfrat qorxu” komediyası çəkilib. 2011-ci ildə Robinson 19 illik fasilədən sonra rejissor kürsüsünə qayıdıb və Hanter S.Tompsonun səsküylü romanı əsasında “Rom gündəliyi” filmini lentə alıb. Baş rola Conni Deppi çəkib. 1969-1980-ci illərdə Brüs Robinson aktrisa Lesli Enn Daunla romantik münasibətlərdə olub. "O kinoda Piter Sellers kimi insanlarla işləyirdi, sonra isə mən bədbəxtin yanına qayıdırdı. Bununla belə heç vaxt mənə olan inamını itirmədi. Buna görə ona sonsuz dərəcədə minnətdaram”, deyə rejissor keçmiş sevgilisi barədə deyib. Onunla ayrıldıqdan sonra Robinson Sofi Uayndehmlə ailə qurub. Onların 1986 və 1994-cü il təvəllüdlü iki övladları olub. Hazırda Uels sərhədində 16-cı əsrdə inşa olunmuş qəsrdə yaşayırlar. Qızı Lili aktrisa olub və Hollivudda özünə karyera qurub. Robinson həyatı boyu alkoqol asılılığı ilə mübarizə aparıb. Yalnız 2003-cü ildə spirtli içkilərlə birdəfəlik vidalaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B8%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%91%D1%80%D1%8E%D1%81