Nino Rota
Bəstəkar
Covanni Rota Rinaldi 1911-ci ildə Milanda (İtaliya) musiqiçi ailəsində anadan olub. Uşaqlıq illərində Romaya gəlib, həmin şəhərdə konservatoriyaya daxil olub və 1929-cu ildə oranı bitirib. Hələ konservatoriyada təhsil alarkən Nino Rota çox qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilirdi. 1930-1932-ci illər ərzində ABŞ-da yaşayıb. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyat üzrə təhsil alıb. 1937-ci ildə isə müəllimlik fəaliyyətinə başlayıb. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışıb. Nino Rota bir sıra opera və baletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959-1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olub. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış, orkestr üçün musiqilər də yazıb. 1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələyib. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışıb. 1974-cü ildə Nino Rota "Xaç atası 2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülüb. Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nino_Rota