Franko Zeffirelli
Rejissor, rəssam, prodüser
Franko Zeffirelli 1923-cü ildə Florensiyada (İtaliya) anadan olub. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir. İkinci dünya müharibəsi zamanı o, partizan olub. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır. Beləcə o, Florensiya teatrlarının birində səhnə tərtibatçısı kimi çalışmağa başlayır. Orada rejissor Lukino Viskonti ilə tanış olur və 1948-ci ildə onun çəkdiyi "Yer titrəyir" (La Terra trema) filmində rejissor köməkçisi kimi çalışır. Lukino Viskonti ilə işləmək Zeffirellinin kinoya həvəsini daha da artırır. O, eləcə də Vittorio de Sika və Roberto Rossellini kimi nüfuzlu rejissorlarla da çalışmağa müvəffəq olur. 1960-cı illərdə London və Nyu-York kimi böyük şəhərlərdə bir neçə xüsusi pyesə quruluş verən Zeffirelli tezliklə öz yolunu bütünlüklə kinematoqrafiyaya yönəldir. Rejissorun kino sahəsində debütü 1967-ci ildə çəkdiyi "Tərsin yola gətirilməsi" filmi olur. O, bu filmin baş rollarına Elizabet Teylor və Riçard Barton kimi aktyorları çəkir. Amma əsl müvəffəqiyyəti bir il sonra – 1968-ci ildə "Romeo və Cülyetta" filmi ilə qazanır. Bu film çəkildiyi gündən dünyada böyük maraqla qarşılanır. Zeffirelli bu filmdən sonra 12 gözəl ekran nümunəsi ərsəyə gətirsə də, onların heç biri "Romeo və Cülyetta"nın uğurunu təkrar edə bilmir. İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: